Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pekin, 29 sentyabr, AZƏRTAC
Myanmanın cənubundakı Tanintari bölgəsində daşqın və torpaq sürüşmələri 18 mindən çox sakinin həyatına mənfi təsir edib.
AZƏRTAC Myanma mediasına istinadla xəbər verir ki, bölgənin Launqlon, Davey və Tayetçaunq rayonlarında sentyabrın 25-də başlayan güclü yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub.
"Xalq İdarəetmə Qrupu" adlı könüllü təşkilatından bildiriblər ki, Launqlon rayonunda 8 nəfərin meyiti tapılıb, 30-a yaxın sakin isə itkin düşüb. Yağışlar davam etdiyi üçün təhlükə zonasındakı yaşayış məntəqələri ilə əlaqə kəsilib. Bəzi kəndlərdə əhali evlərini tərk edərək məbədlərə toplaşıb.
Səlahiyyətli qurumlar isə itkilərin sayı barədə rəsmi məlumat yaymayıb.
Qeyri-kommersiya təşkilatı olan "Germanwatch"un məlumatına görə, 51 milyon əhalisi olan Myanma iqlim dəyişmələrinə qarşı ən həssas 10 ölkə sırasındadır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Çüfu