Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Myanma ordusunun endirdiyi hava zərbələri nəticəsində toy mərasiminin keçirildiyi məkanda və məktəbdə onlarla insan həyatını itirib.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, xilasedicilərin məlumatına görə, şənbə günü günortadan sonra ölkənin cənubundakı Şan ştatının Moe Bye kəndində toy mərasiminin keçirildiyi əraziyə endirilən zərbə nəticəsində azı 21 nəfər ölüb, 35-dən çox insan yaralanıb.
Myanmanın sürgündəki Milli Birlik Hökumətinin (NUG) məlumatına əsasən, cümə axşamı mərkəzi Myanmanın Maqvey bölgəsindəki İn Yon kəndinin məktəbinə endirilən hava zərbəsi zamanı şagirdlər, gənc rahiblər və müəllimlər də daxil olmaqla, azı 20 mülki şəxs həlak olub. Hərbi hökumət zərbələrlə bağlı hələlik açıqlama verməyib.
Şənbə günü axşam yerli vaxtla saat 20:00 radələrində Myanmanın qərbindəki Raxayn ştatının Mrauk-U şəhərində yaşayış məntəqəsi bombardman edilib. İlkin məlumatlara görə, 10-dan çox insan ölüb, təxminən 20 nəfər yaralanıb. Həmin ərazi hərbi rejimə qarşı vuruşan Arakan Ordusunun nəzarətindədir.