Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Oktyabrın 22-də Yaradıcı Mərkəzdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində təşkil olunmuş müsabiqənin nəticələrinə dair mətbuat konfransı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova nazirlik mədəniyyət və yaradıcı sənayelər (MYS) üzrə təhsilin inkişafının diqqətdə saxlanıldığını bildirib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova təqaüd proqramı haqqında ətraflı məlumat verib.
Qeyd edib ki, “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında nəzərdə tutulan “Mədəniyyət və yaradıcı sənayelərin dinamik inkişafının təmin edilməsi və ixrac potensialının gücləndirilməsi” məqsədinə uyğun olaraq həyata keçirilir.
Tədbirlər Planına əsasən, müasir və rəqabətqabiliyyətli yaradıcı sənayelərin tələblərinə cavab verən sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması üzrə əsas icraçı qurum Mədəniyyət Nazirliyi müəyyən edilib.
Bidirilib ki, proqram çərçivəsində yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək, MYS və mədəniyyətin müxtəlif sahələri üzrə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz hesabına təhsil almaqda olan Azərbaycan Respublikası vətəndaşlarının təhsilinin maliyyələşdirilməsi həyata keçirilir.
Mədəniyyət Nazirliyi tərəfindən bu ilin 2 aprel – 31 may tarixlərində 11 ixtisaslaşma istiqaməti – audiovizual (musiqi, kino-animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar üzrə bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edilib.