Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Amsterdamın Şiphol hava limanında Meksikadan Honkonqa 26 nadir tısbağa keçirməyə cəhd edən sərnişin saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
Heyvanların bir qismi corabların içərisində, digərləri isə oyuncaq avtomobillə birlikdə qutuda gizlədilib.
Hollandiya Qida və İstehlak Məhsulları Təhlükəsizliyi Təşkilatının məlumatına görə, yoxlama zamanı Vallarta tısbağaları aşkarlanıb. Dünyanın ən kiçik tısbağa növlərindən biri hesab olunan bu heyvanların nəsli kəsilmək təhlükəsi var. Mütəxəssislərin hesablamalarına görə, vəhşi təbiətdə cəmi 300-ə yaxın fərd qalıb.
Qaçaqmalçılıq zamanı tısbağaların hərəkət etməsinin qarşısını almaq üçün onların bədənləri yapışqan lentlə sarınıb. Sərt şəraitdə daşınmalarına baxmayaraq, 26 tısbağanın hamısı sağ qalıb. Heyvanlar ixtisaslaşmış xilasetmə mərkəzinə yerləşdirilib, sərnişin isə həbs olunub.
Bu növ tısbağalara qaçaqmalçılar arasında yüksək tələbatın əsas səbəbi onların baha qiymətə satılmasıdır. ABŞ-ın Bioloji Müxtəliflik Mərkəzinin məlumatına görə, Çində bir belə tısbağanın qiyməti 30 min dollara çata bilər.
Təbiəti mühafizə təşkilatları Meksika hakimiyyətini nəsli kəsilmək təhlükəsi altında olan sürünənlərin qorunması üçün tədbirləri gücləndirməyə çağırıb. Mütəxəssislər hesab edirlər ki, gömrük orqanları ölkədən qanunsuz çıxarılan heyvanların yalnız kiçik bir hissəsini aşkarlaya bilir.
Murad İsmayıl