Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 31 oktyabr, AZƏRTAC
Orqan transplantasiyası tibbin ən mürəkkəb, səhiyyənin də yəqin ki, ən çox tələb olunan, ən çox ehtiyacı olan sahələrindən biridir. Transplantasiya sahəsində ölkəmizin artıq keçdiyi yol və qazandığı təcrübəsi də var. Keçən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə transplantasiyalar həyata keçirilir. Lakin son bəlkə 20 ilə yaxındır ki, transplantasiya sahəsində ölkəmizin qazandığı təcrübə və gördüyü işlər kifayət qədər çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” elmi-praktik konfransının rəsmi açılış mərasimindəki çıxışında deyib.
Nazir müavini bildirib ki, bütün bu uğurlar keçən ilə qədər canlı donordan transplantasiyaya aid idi: “2025-ci ildən başlayaraq ölkəmizdə meyit donordan da transplantasiyalar aparılır və əslində həmin prosesə bir neçə il ərzində hazırlıq işləri aparılıb, cümlədən normativ sənədlər hazırlanıb. Bu sahədə çox çətin məsələ beyin ölümü diaqnozunun qoyulması idi. Yəni beyin ölümünün həkimlər, xüsusilə reanimatoloqlar tərəfindən tanınması, diaqnostikası, rəsmiləşdirilməsi məsələləri müəyyən bir çətinlik yaradırdı”.
“Digər çox vacib və həssas məsələ əhalinin, sadə vətəndaşların, ailələrin meyit donordan orqanların bağışlanmasına psixoloji hazırlığı və bununla razılaşması idi. Aparılan işlərin bəhrəsi kimi 2025-ci ilin fevral ayında ölkəmizdə ilk meyit donordan transplantasiya həyata keçirildi. Bir neçə yenə meyit donordan transplantasiyadan sonra keçən ilin oktyabr ayında ilk ürək transplantasiyası həyata keçirildi. Bu, hər iki yenilik, həm meyit donordan transplantasiya, həm ürək transplantasiyası təkcə bizim ölkə deyil, bütün Qafqaz regionunda ilk idi. Bu günə qədər də Qafqazda yeganə həmin əməliyyatları aparan ölkə Azərbaycandır. Əminəm ki, gələcək illərdə də biz bu sahədə liderliyi əlimizdə saxlayacağıq.
Transplantasiya sahəsində qarşımızda olan çətinliklərdən biri də odur ki, bu, multiinsitutional yanaşma tələb edir. Necə ki, bir transplantasiya pasiyentinin müalicəsi üçün multidisiplinar yanaşma vacibdir, eynilə transplantasiya sisteminin qurulması da müxtəlif qurumların birlikdə işləməsinə əsaslanır.
Bu, bir yoldur, nailiyyətlərimiz var, amma görüləcək işlər hələ ki qarşıdadır. Burada məsələlər həll olunmalıdır - texnoloji, əməliyyat texnikası, kadrların hazırlığı, maliyyə resurslarının ayrılması, etik, donor və resipient məsələləri. Bu sahədə bizim milli təcrübəmiz də var, lakin biz beynəlxalq yanaşmanı da aktiv öyrənir və onu tətbiq etməyə çalışırıq. Mütəxəssislərin müxtəlif məsələləri müzakirə etmək, yenilikləri eşitmək və onları öz gündəlik işində tətbiq etməsi üçün bu cür elmi-praktik tədbirlərin, konfransların keçirilməsi çox vacibdir" ,- deyə o qeyd edib.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Orxan Kərimov