525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Artıq bir sıra ölkələrdə, o cümlədən Skandinaviya ölkələrində nağd pulun, yəni kağız əskinasların dövriyyədən çıxarılması məsələsi müzakirə olunub. Çünki praktik olaraq həm süni intellektin inkişafı, həm də rəqəmsal ödənişlərdən istifadənin genişlənməsi nəticəsində nağd pula tələbat azalıb. Nağd pula tələbatın azalması isə bir sıra ölkələrdə onun saxlanılması və istifadəsinin davam edib-etməməsi məsələsini gündəmə gətirib.
İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, Azərbaycan üçün hələlik nağd puldan imtina edilməsi aktual deyil və bu məsələ müzakirə olunmur. Amma aktual məsələ qeyri-nağd ödənişlərin həcminin artırılmasıdır. Məqsəd ondan ibarətdir ki, nağdsız ödənişlərin həcmi daha da artsın: "Bu, bir tərəfdən şəffaflığın yüksəlməsinə, dövlət büdcəsinə daha çox vergi daxilolmalarının təmin edilməsinə imkan yaradır. Digər tərəfdən isə istehlakçılarda rəqəmsal ödənişlərlə bağlı formalaşan ənənəni daha da gücləndirir. Doğrudur, son illərdə biz bu ənənənin ciddi şəkildə gücləndiyini müşahidə edirik. Bu baxımdan, xüsusilə süni intellektin inkişafı və maliyyə bazarında yaranan yeni yanaşmalar təbii proses kimi rəqəmsal ödəniş sistemlərinin daha da aktuallaşmasına səbəb olacaq".
İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, yaxın bir neçə ildə Azərbaycanda nağdsız ödənişlərin payı daha da artsa da, tamamilə "nağdsız cəmiyyət" modelinə keçid real görünmür. Onun dediyinə görə, bu gün inkişaf etmiş ölkələrdə iqtisadi münasibətlərin və ticarətin təxminən 90 faizi nağdsız formada həyata keçirilir: "Bunun üçün bir infrastruktur yaradılıb. Bütün ticarət müəssisələri insanları nağdsız ödəniş etməyə təşviq edirlər. Eyni zamanda kredit kartlarının olması, bank sisteminin uyğunlaşması kimi məsələlər də artıq bu ölkələrdə həllini tapıb. Bununla yanaşı, daha çox nağdsız dövriyyənin təşviqi tədbirləri həyata keçirilir. Bu tədbirlər iki istiqamətdə olur, həm alıcılar, həm də satan tərəf üçün tətbiq olunan təşviq proqramları var. Sahibkar yüksək vergi ödəmələrindən yayınmaq üçün çalışır ki, satışı nağd formada həyata keçirsin və nağdsız ödənişləri hansısa formada məhdudlaşdırsın. Bir sıra ticarət müəssisələrində POS-terminallar işləmir, bəzən də bilərəkdən bu aparatları sıradan çıxarırlar. Azərbaycanlı sahibkar nağdsız dövriyyədə maraqlı deyil və mümkün qədər çalışır ki, bunu məhdudlaşdırsın. Buna görə də sahibkarları buna təşviq etmək üçün güzəştli vergi sisteminin tətbiqinə ehtiyac var".
Nağdsız ödənişlərin artması bank sektorunun inkişafına müsbət təsir göstərsə də, nağd pul iqtisadiyyatın vacib elementlərindən biri olaraq qalacaq. Çünki fövqəladə hallarda, texniki nasazlıqlar və ya internet problemləri zamanı nağd pul alternativsiz vasitəyə çevrilir.
Digər tərəfdən, kiçik sahibkarların bir hissəsi bank komissiyaları və əlavə xərclər səbəbindən nağdsız ödənişlərə tam keçməkdə maraqlı görünmür. Bəzi vətəndaşlar isə şəxsi maliyyələrinə nəzarət baxımından nağd xərcləmənin daha rahat olduğunu düşünürlər.
İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, on il bundan əvvəl ilə müqayisədə nağdsız ödənişlərin sayı kəskin şəkildə artıb. Kartla ödənişlərin, onlayn ödənişlərin, QR ödənişlərin, mobil tətbiqlər vasitəsilə ödənişlərin, e-cüzdanlar vasitəsilə ödənişlərin həcmi artıb. On il bundan əvvəl demək olar ki, bunların əksəriyyəti yox idi. Yalnız kart ödənişləri mövcud idi və o da məhdud sayda istifadə olunurdu. Bunun əsas səbəbləri rahatlıq, sürət, təhlükəsizlik və dövlətin, hökumətin bu istiqaməti təşviq etməsidir: "Nağdsız ödənişlərdə müəyyən güzəştlər mövcuddur. Banklar keşbek imkanları təqdim edir. Digər tərəfdən, dövlət də nağdsız ödənişlər vasitəsilə daha yüksək vergi geri alışı əldə etdiyi üçün bu sistemi təşviq edir. Bununla yanaşı, nağdsız ödənişlərin rahatlıq, sürət, təhlükəsizlik və nəzarət imkanları kimi üstünlükləri var".
Sevinc QARAYEVA