futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qarabağ” klubunun akademiyasının meneceri Nail Kərimovun “Futbolpress.az“a müsahibəsi:
– Akademiyada mövcud durumu şərh edərdiniz. Başa çatan mövsümdə komandalar hansı nəticələrlə yadda qaldı?
– U-19 komandamız ölkə çempionu olud, U-13 və U-14 finalda penaltilərdə uduzdu, U-16 və U-17 “üçlük”də yer aldı. U-15 komandamız isə liqanı dördüncü bitirdi. Gərgin, çətin mövsüm keçdi. Maraqlı oyunlar oldu. Liqaların formatında dəyişiklik var idi və rəqabətli matçların sayının artmasıyla da faydalarını gördük. Rəqabət artanda inkişafa da qapılar açılır.
– Akademiyanın əsas funksiyası oyunçu yetişdirməkdir. Bu məsələdə hansı irəliləyişə nail ola bilmisiniz?
– Nəticələri danışırıq, düzdür, amma mümkün qədər çox oyunçu yetişdirmək vacibdir. Bu, bizim üçün prioritetdir. Düşünürəm ki, yaxşı yol qət edirik. Ötən mövsümlə müqayisədə bu il xeyli futbolçuda inkişafı müşahidə etdik. U-17 komandamızın bəzi oyunçuları milli komandalarda oldu, bəziləri yuxarı yaş qruplarına qoşuldular. U-17-dəki uşaqlar əsas komandaya getməsəydi, böyük ehtimal, bu yaş qrupunda da çempionluq olardı. Lakin bizim üçün prioritet məsələ onların inkişafı, əsas komandaya adaptasiyasıdır.
– Ötən il akademiyaya afrikalı legionerlər cəlb olundu. Bu zərurət nədən yarandı?
– Bu mövsüm U-19 komandamızın heyətində bir neçə legioner oynadı. İki futbolçu Nigeriyadan gəldi. Türkiyə vətəndaşı olan oyunçularımız da var idi. Bunun bir neçə səbəbi var.
Əvvəlcə, rəqabəti artırmaq. Legionerlərin məşqə yanaşması, çalışqanlığı özünü müsbət tərəfdən göstərir. Yerli oyunçularımız da görürlər ki, peşəkar olmaq üçün hansı çətinliklərdən keçmək lazımdır. İkincisi, bu oyunçular daim əsas komandaya namizəd hesab edilə bilər. Yaxşı futbolçular gənc yaşlardan əsas komandaya cəlb olunur. Hazır futbolçunun maliyyəsi də yüksəkdir, ancaq belə aşağı büdcəyə əsas komandaya oyunçu çıxarmaq da mümkündür. Bu məqamları nəzərə alsaq, bu mövsüm legioner cəlbinə meyl etdik və düşünürəm ki, nəticəsi də yaxşıdır. Həmin oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. Əvəzedicilər Liqasının reqlamentini gözləyirik ki, U-19-da olan legionerlər uyğun olarsa, onlara burda da şans verməyi düşünürük.
– Akademiyada əsas problem mərkəzləşmənin olmamasıdır. Baza məsələsində hansı yenilik var?
– Əvəzedici komandamız Binədə, digərləri Sərhədçi İdman Kompleksində mərkəzləşib. Təmərküzləşmiş formada fəaliyyət göstərməyimizin bir ili oldu. Bunun faydalarını gördük. Hamı bir-birindən məlumatlı oldu, komandalararasıəlaqə yarandı, nəzarət mexanizmi gücləndi. Onu da qeyd edim ki, yeni akademiyanın hazırlanması istiqamətində rəhbərlik tərəfindən işlər görülür. İndiki məqamda ətraflı nəsə demək olmur. Ümid edirik ki, tezliklə xoş xəbərlər olacaq.
– “Qarabağ” bu il beynəlxalq turnirlərə ən çox komanda göndərən klubdur. Turnirlərdən hansı faydaları götürürsünüz və gələcəkdə yenə bu addımlar atılacaq?
– U-13 komandamız hazırda Bolqarıstanda turnirdədir. Yeganə məqsədimiz uşaqların daha çox rəqabətli oyunlar oynamasıdır. Zəif cəhətlərini üzə çıxarsınlar, onların güclərini görək. Belə deyim, turnir seçəndə çalışırıq ki, daha keyfiyyətli komandalarla oynamaq imkanımız olsun və maksimum fayda götürək. Ona görə güclü klubların olduğu turnirlərə üstünlük veririk. Komandalarımız bu il 10 beynəlxalq turnirdə iştirak edib. U-19 da Çempionlar Liqasında üç oyun keçirdi. Bu, kifayət qədər yaxşı təcrübədir.
Klub rəhbərliyi bu məsələdə daim yanımızdadır və lazım olan büdcə ayrılır. Seçdiyimiz istiqamətlər rahat qət olunası yerlər deyil, məsələn, U-17 Fransada, U-16 Niderlandda, U-15-lər Qazaxıstanda, U-13-lər indi Bolqarıstandadır, U-12 Qazaxıstan və Türkiyə, U-11 isə qarşıda Polşada keçiriləcək turnirə hazırlaşır. Bu turnirlərin təşkilatçıları şengen tələb edən zona ölkələridir. Bunlar kifayət qədər xərcdir. Regionda akademiyalar belə turnirlərə çox meyl etmir, amma klub rəhbərliyimiz məsələyə həssas yanaşır və biz də bunu dəyərləndiririk. Turnirlərimiz növbəti mövsümlərdə də davam edəcək. Danışıqlar gedir. Gənc futbolçularımızın zəngin təcrübələrdən istifadə etməsini istəyirik.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.