Namazov: “Ani bir diqqətsizlik nəticəsində…”

11.10.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının VII turunda evdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “İmişli”nin baş məşqçisi Fərid Namazov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma barədə fikirlərini bölüşdü:

– İlk növbədə rəqibi qələbə münasibətilə təbrik edirəm. Oyunun gərgin keçəcəyini əvvəlcədən bilirdik. “Qarabağ”ın cari mövsümdə avrokuboklardan kənarda qalması onların bütün çempionat matçlarına əsas heyətlə çıxmasına şərait yaradır. Əvvəllər rotasiyalara gedirdilərsə, indi ən güclü heyətlə oynayırlar. Biz də həftə boyunca buna uyğun hazırlaşmışdıq. Əslində ilk yarıda planımız müdafiədə sıx oynayıb, əks-hücumlarda rəqibi tutmaq və top bizdə olanda daha əmin çıxış etmək idi. Bir neçə imkanımız da oldu. İkinci hissədə isə “Qarabağ”ın üstünlüyü artıracağını, uzaq zərbələrlə və hücumçu sayını çoxalaraq üzərimizdə təzyiq quracağını gözləyirdik. Əsas məqsədimiz aşağı zonada müdafiə olunub rəqibə boş sahələr verməmək idi. Lakin ani bir diqqətsizlik nəticəsində ilk qolu buraxdıq. Bundan sonra da hesabı bərabərləşdirmək üçün şansımız oldu, amma dəyərləndirə bilmədik. İkinci qoldan öncəki künc zərbəsi epizodunda isə ilk baxışdan top rəqib oyunçuya dəyib meydanı tərk etmişdi. Buna baxmayaraq, yenə də müdafiədə tez yerimizi almalı idik, lakin gedişat diqqətsizliklə nəticələndi. Ümumilikdə futbolçular pis oynamadılar, onlara təşəkkür edirəm. Bu dərəcədə konsentrasiyalı oynayıb cəmi iki epizodda səhv buraxmaq üzücüdür, amma ümumi performansdan razıyam. İndi bütün diqqətimizi növbəti həftə keçiriləcək “Turan Tovuz”la matça yönəldəcəyik.

– Matçın sonlarına doğru Bəxtiyar Həsənalızadənin aqressiv davranışları diqqət çəkdi. Hətta ikinci sarı vərəqə ilə meydandan qovula bilərdi. Bu emosionallıq nə ilə bağlı idi?

– Bəxtiyar təbiətən çox sakit və təmkinli insandır, onu istər məşqdə, istərsə də həyatda əsəbi görmək çətindir. Sadəcə, matçın son dəqiqələrində rəqibin güclü təzyiqi və 0:1 geridə olduğumuz anlarda hesabı bərabərləşdirmək istəyi futbolçuda belə emosional reaksiya yaratdı. Kiçik detallar belə bəzən oyunçunu gərginləşdirə bilir. Futbol emosiyalar oyunudur, ona görə də bu halı normal qarşılayıram. Əlbəttə ki, lazımsız kartlar almağın tərəfdarı deyilik və futbolçularla bu barədə mütəmadi söhbətlər aparırıq.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью