Naqasaki: tarixə yazılan dəhşətli 9 avqust

09.08.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1945-ci il avqustun 9-u. İkinci Dünya müharibəsinin son günləri... Dünyanın bir tərəfində müharibənin başa çatmasına ümidlər artır, digər tərəfində isə bəşəriyyət tarixinin ən ağır faciələrindən biri yaşanırdı. Həmin gün Yaponiyanın Naqasaki şəhərinin səmasında partlayan atom bombası on minlərlə insanın həyatını bir neçə saniyə içində alt-üst etdi.

Bu hadisədən artıq 81 il ötür. Lakin Naqasakinin adı hələ də yalnız İkinci Dünya müharibəsinin salnaməsində deyil, nüvə silahının yaratdığı dəhşətli təhlükənin yaddaşında yaşayır.

Hədəfdən yayınan ölüm: "Fat Man" Naqasaki üzərində

1945-ci ilin avqustunda Yaponiya artıq ağır vəziyyətdə idi. Hitlersiz Almaniyanın təslim olmasından sonra müharibənin əsas ocağı Sakit okean hövzəsində alovlanmaqda davam edirdi. ABŞ Yaponiyanın hərbi və sənaye potensialını sarsıtmaq üçün hava hücumlarını kəskin genişləndirmişdi.

Avqustun 6-da Xirosimaya atılan ilk atom bombasından cəmi üç gün sonra növbəti zərbə planlaşdırıldı. ABŞ Hərbi Hava Qüvvələrinin “Bockscar” bombardmançısı havaya qalxdı. Təyyarənin ilkin əsas hədəfi Naqasaki deyil, Kokura şəhəri idi. Lakin əlverişsiz hava şəraiti və sıx bulud örtüyü pilotların hədəfi dəqiq görməsinə imkan vermədi. Nəticədə təyyarə alternativ hədəfə – Naqasakiyə istiqamətləndi.

Saat 11:02-də şəhərin üzərində ölümcül yük buraxıldı.

“Fat Man” ("Yoğun adam") adlandırılan plutonium əsaslı atom bombası Naqasakinin Urakami vadisi üzərində partladı. Bir neçə saniyə ərzində nəhəng istilik dalğası, dağıdıcı zərbə qüvvəsi və radioaktiv şüalanma bütöv bir şəhəri bürüdü. Evlər, məktəblər, xəstəxanalar və sənaye müəssisələri göz qırpımında yerlə-yeksan oldu. İnsanların böyük hissəsi partlayışın ilk anındaca həyatını itirdi, sağ qalanlar isə ağır yanıqlar və radiasiyanın dəhşətli fəsadları ilə baş-başa qaldı.

Radiasiyanın bitməyən fəsadları

Naqasaki ölkənin mühüm liman və sənaye mərkəzlərindən biri idi. Şəhərdə hərbi təyinatlı istehsal müəssisələri ilə yanaşı, sıx yaşayış məhəllələri də yerləşirdi. Lakin atom bombasının kör gücü hərbi və mülki obyektlər arasında heç bir fərq qoymadı.

Həlak olanların dəqiq sayı bu gün də müxtəlif mənbələrdə fərqli göstərilir. Lakin məlum olan odur ki, partlayış anında on minlərlə dinc sakin həyatını itirdi. Sonrakı aylarda və illərdə isə radiasiyanın törətdiyi amansız xəstəliklər daha çox insanın ölümünə səbəb oldu.

Naqasakinin taleyi bir daha göstərdi ki, nüvə silahının əsas təhlükəsi yalnız onun ani partlayış gücündə deyil. Radioaktiv şüalanmanın insan orqanizminə amansız təsiri, xərçəng və digər xroniki xəstəliklərin kəskin artması, sağ qalanların psixoloji travmaları və gələcək nəsillər üçün yaranan fəsadlar faciənin miqyasını daha da böyütdü.

Müharibənin sonu və başlayan "Nüvə yarışı"

Naqasaki bombardmanından sonra Yaponiya müqavimətin mənasızlığını anlayaraq təslim olmaq qərarına gəldi. Avqustun 15-də imperator Hirohito radio müraciəti ilə ölkənin capitulyasiyasını elan etdi. Sentyabrın 2-də isə Yaponiyanın rəsmi təslim aktı imzalandı və İkinci Dünya müharibəsi yekunlaşdı.

Lakin müharibənin sonunu gətirən bu hadisələr ətrafında tarixçilər arasında mübahisələr bu gün də səngimək bilmir. Atom bombalarının tətbiqinin Yaponiyanın təslim olmasını nə dərəcədə sürətləndirdiyi, bunun hərbi zərurət olub-olmaması və alternatvlərin mövcudluğu barədə müxtəlif yanaşmalar var.

Mübahisəsiz olan yeganə həqiqət isə budur: Xirosima və Naqasaki nüvə silahının mülki əhali üçün hansı fəlakətli nəticələr doğura biləcəyini bütün bəşəriyyətə nümayiş etdirdi.

Müharibədən sonra dünya daha bir təhlükəli mərhələyə – "Soyuq müharibə"yə qədəm qoydu. ABŞ-ın ardınca Sovet İttifaqının da atom silahına sahib olması dəhşətli nüvə silahlanması yarışına start verdi. Naqasaki bu ziddiyyətin – insanlığın bir tərəfdən elmi tərəqqi əldə edərkən, digər tərəfdən özünü məhv edə biləcək silahlar yaratmasının – ən ağrılı simvoluna çevrildi.

Tarixdən gələn mesaj: "Hibakuşa"ların səsı

Bu gün Naqasakidə Atom Bombası Muzeyi və Sülh Parkı fəaliyyət göstərir. Buraya dünyanın müxtəlif guşələrindən minlərlə insan gəlir. Onlar yalnız tarixi hadisə ilə tanış olmaq üçün deyil, həm də faciənin bir daha təkrarlanmaması barədə düşünmək üçün şəhəri ziyarət edirlər.

Atom bombasından sağ çıxan insanlar – yaponların "hibakuşa" adlandırdığı şahidlər – uzun illər ərzində öz xatirələrini dünyaya çatdırıblar. Onların canlı şahidliyi tarix kitablarındakı quru rəqəmləri insan talelərinə çevirir. Hər bir xatirənin arxasında dağılan bir ailə, itirilən doğma insan və yarımçıq qalan ömür dayanır.

Avqustun 9-u sadəcə təqvimdəki sıradan bir tarix deyil, bəşəriyyətə verilmiş ciddi bir xəbərdarlıqdır. Naqasaki bizə xatırladır ki, müharibələr siyasi qərarlarla başlayır, lakin onların ən ağır yükünü adi insanlar çəkir. Bir şəhəri saniyələr içində xəritədən silmək mümkün olsa da, həmin şəhərin ağrısını tarixdən silmək mümkün deyil.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью