“Nar ağaclarını kəsib yerində restoran tikirlər” Video

20.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Məhəlləmizin yanında əkdiyimiz nar ağaclarını kəsirlər...”

Bu barədə “Qafqazinfo”ya Əhmədlidə Məzahir Rüstəmov 15 ünvanında yaşayan vətəndaş Elmin Bağırov müraciət edib. 

O iddia edib ki, bütün ağaclar kəsilərək ərazi şumlanıb və tikintiyə hazırlıq prosesi gedir: “Sakinlər olaraq binamızın yaxınlığında aparılan tikinti işlərindən ciddi narazıyıq. Yaşayış binasına həddindən artıq yaxın məsafədə restoran tikilməsi heç bir halda düzgün deyil. Burada yaşayan insanların da ailəsi, şəxsi həyatı, rahatlığı və istirahət hüququ var. Təəssüf ki, tikinti aparılarkən sakinlərin bu hüquqları nəzərə alınmayıb. Digər və daha ciddi narahatlığımız isə ərazidəki ağacların məhv edilməsidir. Bütün ağaclara qıyırlar, biz hətta nar ağacları əkmişdik, hamısı kəsilib.

Burada aparılan tikinti işləri zamanı mövcud ağaclar yük maşınları və traktorlarla zədələnərək məhv edilib. Aidiyyəti qurumlarından xahiş edirik ki, bu məsələni nəzarətə götürsünlər”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi İradə İbrahimova sorğumuza cavab olaraq bildirdi ki, qeyd olunan məsələ Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır: “Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.

Fidan Etibar 



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью