Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sərfəli mobil operator "Nar" Azərbaycan Gənclər Fondunun təşkil etdiyi, Gənclər Gününə həsr olunmuş "GəncVİZYON" ideyatonunun əsas tərəfdaşı qismində çıxış edəcək.
Gənclərin düşüncə potensialının inkişafını və gələcəyə dair ideyalarının formalaşdırılmasını hədəfləyən layihə Azərbaycan gənclərini bir araya gətirərək onların bilik və bacarıqlarını nümayiş etdirməsi üçün imkan yaradır. "GəncVİZYON" gənclərin ideyalarını konseptual səviyyədə formalaşdıraraq təqdim etməsi üçün açıq və yaradıcı platforma rolunu oynayır.
Layihə çərçivəsində iştirakçılar komandalar şəklində gələcəyin təhsili və bacarıqlar, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək kimi istiqamətlər üzrə ideyalar üzərində çalışacaq, mentorların dəstəyi ilə bu ideyaları inkişaf etdirərək münsiflər heyətinə təqdim edəcəklər. 18-29 yaş arası gənclərin iştirak etdiyi ideyatonun ideyaların formalaşması mərhələsi fevralın 4-də Bakı Konqres Mərkəzində baş tutacaq, final mərhələsi isə fevralın 6-da keçiriləcək. Tədbir gənclərə komanda işi bacarıqlarını inkişaf etdirmək, peşəkar mentorlarla birbaşa ünsiyyət quraraq onların təcrübəsindən faydalanmaq və yaradıcı mühitdə öz baxışlarını təqdim etmək imkanı verəcək.
"Nar"ın bu layihəyə əsas tərəfdaş kimi qoşulması şirkətin korporativ sosial məsuliyyət strategiyasının mühüm tərkib hissəsidir. Mobil operator bu kimi təşəbbüslərlə gənclərin cəmiyyətin və ölkənin gələcək inkişafında fəal rol almasını dəstəkləyərək inklüziv və davamlı sosial mühitin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyur.
Hazırda 2.2 milyon abunəçiyə xidmət göstərən "Nar" son altı il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.