Narazılıq yaratmayan “sülh”

14.09.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Zirə” Misli Premyer Liqasının V turunda “Qarabağ”la heç-heçə etdi- 1:1. Hər iki hissədə vurulan bir qol görüşün yekun taleyini müəyyənləşdirdi.

Meydan sahibləri ümumi oyun planında yaxşı görsəndi. Qəsəbə təmsilçisi daha çox şans yaratmasına baxmayaraq, qələbə qazana bilmədi. Hər iki hissədə sürətli hücumlarla rəqib müdafiəsinə çətin anlar yaşadan “qartallar” üç xala yaxın tərəf idi.

“Qarabağ” isə hələ tam formasında deyil. “Atlılar”da xüsusilə müdafiədə ciddi problemlər var. Əsl mövqeyi cinah olan Mateus Silva bu görüşdə mərkəzdə oynadı və effekt vermədi. Qurban Qurbanov bundan öncə də bir neçə dəfə Silvanı bu mövqedə yoxlamış və braziliyalı tam olaraq özünü doğrulda bilməmişdi. Buna baxmayaraq, Qurbanovun onunla bağlı israrı hələ davam edir.

Ümumiyyətlə, “Qarabağ”da müdafiədə əzmkarlıq çatışmır. Kevin Medinanın aqressiyası nə Bençe Varkonyidə var, nə Mateusda. “Zirə” bu matçda məhz onların yanından kifayət qədər təhlükə yarada bildi. Cinahda Cebrail Makreçkis ümidləri doğrultmur. Nə hücumda fərq yarada bilir, nə müdafiədə “diş” göstərə. Elvin Cəfərquliyevin yoxluğunda əsas heyətdə möhkəmlənən Bruno Lanqa da müdafiə planında axsaması ilə diqqət çəkir.

“Zirə” isə daha diri görünür. Rəşad Sadıqovun “drujinası” keyfiyyət baxımından özlərindən üstün “Qarabağ”a qarşı layiqli mübarizə apardı, qələbəyə daha yaxın oldu. Bəzi epizodlarda “qartallar” düzgün qərar versəydi, yekun fərqli alına bilərdi.

Hər bir halda “sülh” iki tərəf üçün də qənaətbəxş nəticə hesab edilə bilər.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью