Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda narkoptik istifadə edən sürücülərlə bağlı mübarizə ciddiləşir. Bununla belə, qanundakı müəyyən boşluqlardan istifadə edən narkoman sürücülər yenidən yollarda görünürlər. Məsələn, bu günlərdə YPX Ekologiya postunda sürücünü yoxlayarkən onun daha əvvəl də narkotik vasitəyə görə cəzalandırıldığı üzə çıxıb. Bəs belə olan hallarda başqa ölkələrdə necə davranılır?
Avtosfer.az xəbər verir ki, Avropa ölkələrində qanunvericilik bu və ya digər qaydada oxşar olsa da, fərqliliklər də az deyil. Fransada sərxoş sürücülər daha çox cəzalandırılırsa, Belçika qanunvericiliyi narkoman sürücülərə qarşı daha amansızdır. Bu ölkədə narkoman sürücülərə verilən cəzalar digərlərinə nisbətən daha ağırdır. Sistemi qısa şəkildə aşağıdakı kimi təsvir etmək olar.
Polis təsadüfi yoxlama zamanı ağız suyu vasitəsi ilə sürücünün narkotik vasitədən istifadə edib-etmədiyini yoxlayır. Nəticə müsbət olduqda dərhal sürücülük vəsiqəsi alınır, avtomobil isə duracağa yerləşdirilir. Sürücü növbəti iş günündə laboratoriyada analiz verməlidir. Burada nəticə mənfi olduqda avtomobil və vəsiqə sürücüyə geri qaytarılır.
Müsbət olduqda isə məhkəmə qərarı ilə sürücünün hüququ 1 həftədən 5 ilədək məhdudlaşdırıla bilər. Bundan başqa, qayda pozan sürücü 1600 – 16 000 avro arası cərimə də edilir.
Sürücü təkrarən narkotikin təsiri altında tutularsa, yaxud narkotik vasitə ilə yanaşı, spirtli içki də qəbul edibsə 40 min avro cərimələnə, sürücülük vəsiqəsi isə (bəzən də ömürlük) ləğv edilə bilər. Bu cür qayda pozuntularında bir qayda olaraq avtomobil ya duracağa yerləşdirilir, ya da müsadirə olunur. Xüsusi hallarda 3 ilədək azadlıqdan məhrumetmə cəzası da verilə bilər.
Belçikada narkoman sürücülərlə bağlı daha bir maraqlı qadağa da var: narkotikə görə vəsiqəsi əlindən alınmış sürücü vəsiqə tələb etməyən nəqliyyat vasitəsini də idarə edə bilməz. Sadə dildə desək, narkoman sürücü velosiped, yaxud eşşək arabası da sürə bilməz.
Təbii ki, qanun sürücülük vəsiqəsinin bərpasına da icazə verir. Lakin, iddiaçı məhkəməyə ən tezi 6 ay sonra müraciət edə bilər. Bu zaman sürücü tibbi müayinədən keçməli və qanında narkotik vasitənin izi tapılmamalıdır. Ardınca isə müxtəlif psixotexniki və tibbi müayinələrdən uğurla keçməlidir. Məhkəmənin müsbət qərarı olduğu halda, təkrarən imtahan verərək vəsiqə almaq lazım gəlir.
Sürücünün narkotik istifadəçisi sübut edildikdə Belçika məhkəməsi demək olar bütün hallarda avtomobilin dayanacağa qoyulması, və ya müsadirəsinə qərar verir. Məqsəd sürücünü növbəti qayda pozuntularından çəkindirməkdir.
Narkotik vasitədən istifadə qəza hallarının hüquqi təhlili zamanı ağırlaşdırıcı hal hesab edilir. Bu zaman əksər sığorta şirkətləri zərəri ödəmir.
Qanunun tələbləri çox ağır olduğu üçün təkrarən narkotik vasitədsən istifadə edən sürücülərə çox az hallarda rast gəlinir.
Bu xəbər də sizə maraqlı gələ bilər:
Oxunub 46