NASA 4 nəfəri bir il Marsda saxladı Eksperimentin nəticələri təəccübləndirdi

02.11.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NASA-nın Marsa uçuşu imitasiya edən eksperimenti başa çatıb.

Dörd könüllü Hyustondakı sınaq poliqonunda, təxminən 160 kvadratmetr sahəsi olan, pəncərəsiz qapalı məkanda bir il birlikdə yaşayıb. 3D printer vasitəsilə hazırlanmış konstruksiya Marsda yaşayış mühitinin şərtlərini imitasiya edib. Üç kişi və bir qadından ibarət heyət simulyatoru tərk etmədən orada yaşayıb və işləyib.

CHAPEA (Crew Health and Performance Exploration Analogue) missiyasının iştirakçıları bitkilər yetişdirməli, yaşayış sahələrinə və avadanlıqlara qulluq etməli, həmçinin fiziki məşqlər etməli olublar. Heyət üzvləri tibbi xidmətin bir hissəsini də özləri təmin ediblər. Məsələn, könüllülər mütəmadi olaraq qan analizi verməli olublar.

Eksperiment başa çatdıqdan sonra heyət üzvü Ceyms Spayser təəccübləndiyini bildirib ki, onların nə qədər çox hesabat və sənəd doldurmalı olduğu məlum olub. “Məlum oldu ki, çox sürətlə yazmağı bacarmaq gələcək Mars astronavtları üçün əsas bacarıqlardan birinə çevriləcək”, – deyə o, zarafat edib.

Simulyatorun daxilində ölçüləri 2×3 metr olan yataq otaqları, televizor və kreslolarla təchiz edilmiş qonaq otağı, iş masaları, tibbi yardım məntəqəsi və Marsda açıq kosmosa çıxışı imitasiya etmək üçün kiçik açıq sahə olub.

Heyət üzvlərinin xarici dünya ilə əlaqəsi “Mars vaxtı” prinsipi əsasında həyata keçirilib. Hətta qısa mətn mesajının göndərilməsi belə təxminən 22 dəqiqə çəkib.

Missiyanın iştirakçıları NASA astronavtları olmayıb. Yaşı 30-55 arasında olan, sağlam və motivasiyalı, siqaret çəkməyən, ABŞ vətəndaşlığına və ya yaşayış icazəsinə malik, təbiət elmləri sahəsində ali təhsili olan istənilən şəxs müraciət edə bilərdi.

CHAPEA bu qəbildən olan ilk eksperiment deyil. NASA daha əvvəl Havay adalarında yerləşən imitasiya mərkəzində HiSEAS missiyaları çərçivəsində oxşar sınaqlar keçirib.

Almaniyada isə 2026-cı ilin avqustunda Avropa Kosmik Agentliyi (ESA) və Almaniya Aerokosmik Mərkəzi (DLR) Kölndə SOLIS100 adlı tədqiqatı başa çatdırıb. Bu eksperiment çərçivəsində üç kişi və üç qadın kosmik stansiyanın şəraitini tam imitasiya edən modulda 100 gün təcrid olunmuş vəziyyətdə yaşayıb.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Meşəbəyi və direktor rüşvət ittihamı ilə saxlanıldı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью