Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 sentyabr, AZƏRTAC
NASA-nın 14 ildir Marsın Geyl kraterində tədqiqat aparan "Curiosity" kosmik aparatı planetin geoloji keçmişinə işıq salacaq qeyri-adi bir kəşfə imza atıb.
AZƏRTAC “TRT HABER”ə istinadla xəbər verir ki, sulfatla zəngin təbəqələrə malik "Valle Grande" bölgəsindəki Şarp dağına dırmaşan komanda yerdə təxminən 1 santimetr enində dayaz və kiçik dəliklər qeydə alıb. .Bu çuxurları əvvəlkilərdən fərqləndirən əsas cəhət ətraflarında eroziya nəticəsində aşınmış çınqıl və ya mineral yataqlarının tapılmamasıdır. Son dərəcə dayaz və geniş olan bu strukturlar qırmızı planetdə indiyə qədər məlum olan eroziya proseslərindən tamamilə fərqli bir modelin mövcudluğuna işarə edir.
Hazırda kəşf edilən obyektlərin fotoları aktiv şəkildə təhlil olunur. "Curiosity" komandası dəliklərin əmələ gəlmə mexanizmini anlamaq üçün roverin gövdəsindəki kameraları işə salıb. Ərazidən çəkilmiş yaxın plan şəkilləri və üçölçülü səth modelləri əsasında araşdırmaların davam etdiyi bildirilir. Şarp dağına qalxarkən 1000 metrlik yüksəklik həddini aşan "Curiosity" bölgədəki müxtəlif qaya təbəqələrinin kimyəvi tərkibini və eroziya xüsusiyyətlərini öyrənməyə davam edir. Alimlər bu strukturların hələ elmə məlum olmayan bir eroziya prosesinin, yoxsa süxurların fərqli fiziki xüsusiyyətlərinin nəticəsi olduğunu müəyyənləşdirməyə çalışırlar.