NASCO29 miqyası, elmi ruhu və yadda qalan anları ilə

03.11.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Gülay TAHİRLİ

NASCO29 – miqyası, elmi ruhu və yadda qalan anları ilə

Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz”,

- deyib Nizami. Bizdən ta 900 il bundan əvvəl...

Bu 900 ildə, məlum məsələ - çox şeylər dəyişib, texnologiya nə qədər inkişaf etsə də, insanın yaratdığı yeniliklər insana nə qədər rəqib olsa da, əmin olun, Nizaminin üstünlük meyarı dəyişməyib, dəyişməz də.

Elmə marağın azaldığını düşündüyümüz bir zamanda Naxçıvan Dövlət Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı – NASCO29 ölkəmizin elm tarixində bugünədək keçirilən ən irimiqyaslı konfrans kimi bizi elmin gələcəyinə daha ümidlə baxmağa sövq etdi. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş bu konfransın Naxçıvanda keçirilməsi təsadüfi deyildi. Naxçıvan Əcəmi memarlıq məktəbinin formalaşdığı, əsrlərin sınağından keçərək günümüzə qədər gəlib çatan nadir memarlıq incilərinin qorunduğu qədim diyardır. Bu torpağın hər daşında bir tarix, hər küçəsində bir yaddaş yaşayır. Naxçıvan həm də böyük fikir və elm adamlarının yetişdiyi torpaqdır. Hüseyn Cavidin fəlsəfi düşüncəsi, Cəlil Məmmədquluzadənin ictimai təfəkkürü, Yusif Məmmədəliyevin elmi kəşfləri bu diyarın intellektual zənginliyinin yalnız bir neçə nümunəsidir. Bu torpaq əsrlər boyu sözə, düşüncəyə, elmə və yaradıcılığa dəyər verən insanların yetişdiyi bir mədəniyyət məkanı olub. Məhz bu baxımdan NASCO29-un Naxçıvanda keçirilməsi həm də rəmzi məna daşıyırdı. Tarixi yaddaşı ilə seçilən bir şəhərdə elmin gələcəyini müzakirə etmək, Azərbaycanın müxtəlif bölgələrindən və dünyanın ayrı-ayrı ölkələrindən gələn gənc tədqiqatçıları eyni elmi platformada bir araya gətirmək keçmişlə gələcək arasında mənəvi və intellektual körpü yaratdı.

NASCO29 konfransı ilə NDU elm və sənət məbədi olduğunu bir daha təsdiqlədi.

Konfransın açılış mərasimindən ekskursiyalara, elmi sessiyalardan qala gecəsinə və mədəni proqramlara qədər elm və sənət vəhdətini aydın şəkildə görmək mümkün idi. Konfransın keçirildiyi Heydər Əliyev Sarayında iştirakçıları ilk olaraq rəsm sərgisi qarşıladı. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun Azərbaycan universitetlərinin rektorlarının portlerindən ibarət fərdi sərgisi böyük marağa səbəb oldu. Portretlərin bir sıra rektorlar tərəfindən şəxsi sosial media hesablarında paylaşılması da sərginin yaratdığı xoş təəssüratın göstəricisi idi. Bu sərgi konfransın ümumi ruhuna uyğun seçilmiş uğurlu bir başlanğıc idi.

Zala daxil oluruq, tədbir Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayır, ardınca Azərbaycan Respublikasının Dövlət Himni... Ənənəvi başlanğıcda belə NDU öz sözünü deyir... Bir anda hər kəs başını yuxarı qaldırıb səsin gəldiyi tərəfə baxır...  Himnimiz canlı olaraq ifa edilirdi... Doğrudan da, möhtəşəm idi.

Daha sonra rəsmi çıxışlar... NDU rektoru Elbrus İsayevin hesabat xarakterli çıxışı, düşünürəm ki, bütün elm adamları üçün böyük qürur idi. Çünki bu çıxışda yalnız NASCO29-un miqyası deyil, həm də Azərbyacan elminin inkişaf yolu öz əksini tapırdı. 123 elm və təhsil müəssisəsindən 1627 elmi işin təqdim olunması, onların hərtərəfli qiymətləndirilməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçının müəllifi olduğu 1028 elmi işin qəbul edilməsi NASCO29-un elmi miqyasını ortaya qoyurdu. Üstəlik, bu müəssisələrin 19-nun xarici ölkələrin aparıcı universitet və elmi mərkəzləri olması, Oksforddan Berlinə, Gentdən Belqrada qədər müxtəlif akademik mühitlərdə yetişən azərbaycanlı gənc tədqiqatçıların konfransa qoşulması onun beynəlxalq əhatəsini daha da genişləndirirdi.

Tədqiqatçıların 504 nəfərinin əyani, 878 nəfərinin onlayn iştirakı isə müasir elmi kommunikasiyanın imkanlarını göstərirdi. Dinləyicilərlə birlikdə ümumi iştirakçı sayının 5000 nəfəri ötməsi bu miqyasın daha bir göstəricisi idi.

Rektorun çıxışında xüsusi əhəmiyyət daşıyan məqamlardan biri də elmi keyfiyyət məsələsinə münasibəti oldu. Çünki elmin inkişafı yalnız kəmiyyətlə deyil, həmin tədqiqatların hansı elmi yeniliklərə yol açması, beynəlxalq standartlara nə dərəcədə cavab verməsi və cəmiyyətin inkişafına necə töhfə verməsi ilə ölçülür. Elmi işlərin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi ilə əlaqələndirilməsi də bu yanaşmanın ifadəsi idi. Məqalələrin daha çox sənaye, innovasiya və infrastruktur (SDG 9), layiqli əmək və iqtisadi artım (SDG 8), keyfiyyətli təhsil (SDG 4), sülh, ədalət və güclü institutlar (SDG 16) istiqamətlərində cəmlənməsi də maraqlı mənzərə yaradırdı. NASCO29 Azərbaycanın gənc elmi nəslini dünya elmi gündəminin aktual problemləri ilə birləşdirən, bilik və tədqiqatı dayanıqlı gələcəyin qurulmasına yönəldən mühüm akademik platforma kimi yadda qaldı.

Elbrus İsayev universitetin elmi fəaliyyətindən danışarkən Naxçıvan Dövlət Universitetinin Scopus göstəriciləri üzrə ölkənin ilk beş ali təhsil müəssisəsi sırasında yer aldığını da diqqətə çatdırdı. Tələbələrin elmi fəaliyyətə cəlb olunması, gənc tədqiqatçıların yetişdirilməsi və beynəlxalq elmi məkana inteqrasiya istiqamətində görülən işlər universitetin gələcək inkişafının mühüm istiqamətləri kimi təqdim olundu. Bütün bunları dinləyərkən bir daha düşünürsən ki, universitetin uğuru yalnız bugünkü göstəricilərindən ibarət deyil. Əsl uğur sabahın alimlərini yetişdirmək, gənclərdə tədqiqat həvəsi formalaşdırmaq və onların elmi axtarışlarına yol açmaqdır. NASCO29-a ev sahibliyi edən Naxçıvan Dövlət Universitetinin bu platformada öz elmi nəticələrini də təqdim etməsi isə tədbirə tamam başqa bir məna verirdi. Universitet həm böyük elmi görüşün təşkilatçısı, həm də həmin elmi mühitin fəal iştirakçısı idi.

NASCO-nun illər ərzində artan elmi nüfuzu statistik göstəricilərdə də aydın görünürdü. 25-ci konfransa 450 müraciət daxil olduğu halda, 29-cu konfransda bu rəqəm 1627-yə çatdı. Diqqətçəkən məqam isə təqdim olunan elmi işlərin qiymətləndirilməsi nəticəsində 1627 müraciətdən yalnız 1028-nin, yəni təxminən 63 faizinin qəbul edilməsidir.  Bu göstərici konfransın elmi seçim meyarlarının əhəmiyyətini ortaya qoyur. Burada əsas məqsəd müraciətlərin sayını artırmaqdan daha çox, elmi dəyəri, aktuallığı və keyfiyyəti ilə seçilən tədqiqatları müzakirəyə çıxarmaq idi. Məhz belə yanaşma elmi platformanın nüfuzunu və akademik etibarlılığını formalaşdıran əsas amillərdəndir.

Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin təqdim etdiyi möhtəşəm bədii proqram isə dinləyicilərə unudulmaz anlar yaşatdı. Dünya musiqisinin seçilmiş nümunələri ilə Azərbaycan klassik musiqisinin inciləri bir səhnədə səslənir, hər ifa zalda xüsusi ovqat yaradırdı.  Artıq beş ildir fəaliyyət göstərən NDU Simfonik Orkestri bu çıxışı ilə bir daha yüksək peşəkarlığını, zəngin repertuarını və böyük sənət potensialını nümayiş etdirdi. Orkestrin ifası Naxçıvanın mədəni həyatının əhəmiyyətli hadisələrindən biri kimi yadda qalmaqla yanaşı, Azərbaycan musiqi sənətinin zənginliyini və ifaçılıq ənənələrini beynəlxalq qonaqlara da təqdim etdi. Konfrans iştirakçılarının, xüsusilə xarici qonaqların heyranlığı, ifalardan sonra səslənən xoş rəylər bu sənət təqdimatının necə güclü təəssürat yaratdığını göstərirdi.

Konfransın möhtəşəm qala gecəsi... Bir neçə gün ərzində elmi müzakirələrdə, fikir mübadilələrində, görkəmli alimlərlə görüşlərdə yaşanan intellektual atmosfer həmin gecə musiqinin, rəqsin və xoş ovqatın müşayiəti ilə başqa bir çalar qazandı. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin təqdim etdiyi musiqi və rəqs nömrələri gecəyə xüsusi rəng qatdı. Sanki həmin gecə elmin ritminə musiqinin səsi qarışmış, akademik mühit özünün daha canlı, daha səmimi tərəfini göstərmişdi.

Qala gecəsində çıxış edən rektorlar və digər qonaqlar konfransın yüksək səviyyədə təşkilindən məmnunluqlarını ifadə edir, Naxçıvanda yaradılmış şəraiti, proqramın zənginliyini və iştirakçılara göstərilən diqqəti xüsusi qeyd edirdilər.

Ən yaddaqalan mənzərə isə elm adamlarının üzündəki sevinc idi. Onları bir araya gətirən elmi məqsədlər, qurulan dostluqlar, yaranan yeni əməkdaşlıq imkanları və ortaq uğur hissi gecənin hər anında duyulurdu. Həmin gecə Azərbaycan elminin gələcəyinə inam, gənc tədqiqatçıların enerjisi və böyük elmi ailənin birliyindən doğan sevinc musiqinin müşayiəti ilə yaddaşlara yazıldı.

Konfrans iştirakçıları üçün Naxçıvanın tarixi, mədəniyyəti və turizm imkanları ilə tanışlıq da xüsusi proqram çərçivəsində təşkil olunmuşdu. “Şəhərsalma və Memarlıq İli” ilə səsləşən bu səfərlər qonaqlara qədim Naxçıvanın memarlıq ənənələrini, zəngin tarixi irsini və təbii gözəlliklərini yaxından tanımaq imkanı Qonaqlar bu səfərlərdən xoş təəssüratlarla ayrılır, Naxçıvanın yaddaşlarında həm elmi görüşlərin, həm də zəngin mədəni tanışlığın ünvanı kimi qalacağını ifadə edirdilər. Naxçıvan Azərbaycanın gənc elmi nəslinin yaddaşında özünəməxsus iz qoydu. Qədim bir şəhərin daş yaddaşı ilə gələcəyin elmini quran gənc düşüncələr burada görüşdü.

Belə möhtəşəm bir elmi tədbirin təşkilində iştirak etmək, prosesləri həm media nümayəndəsi, həm də gənc tədqiqatçı və doktorant kimi yaxından izləmək mənim üçün böyük qürur oldu. Bu konfrans bir daha göstərdi ki, Azərbaycan elminin sabahı üçün böyük ümidlər var və həmin gələcəyin qurulmasında bizim də məsuliyyətimiz, sözümüz və töhfəmiz olmalıdır. Arzum budur ki, belə mötəbər elmi görüşlər davamlı xarakter alsın, yeni tədqiqatçılara özlərini sınamaq, biliklərini bölüşmək və beynəlxalq elmi mühitə inteqrasiya olunmaq üçün daha geniş imkanlar yaratsın. NASCO29 isə yaddaşımda həm Azərbaycan elminin əhəmiyyətli hadisəsi, həm də bir gənc tədqiqatçı və doktorant kimi qürurla iştirak etdiyim unudulmaz təcrübə kimi qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью