Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Nasdaq ABŞ-də fəaliyyət göstərən və əsasən texnologiya şirkətlərinin səhmlərinin alınıb-satıldığı ən böyük fond birjalarından biridir.
Banco.az xəbər verir ki, 1971-ci ildə dünyanın ilk tam elektron birjası kimi yaradılıb. Burada Apple, Microsoft, Amazon və Alphabet (Google) kimi qlobal texnologiya nəhənglərinin səhmləri ticarət olunur. İnnovasiya və yüksək inkişaf potensialına malik şirkətlərə fokuslandığı üçün Nasdaq qlobal maliyyə bazarlarında mühüm yer tutur.
Nasdaq birjasından necə səhm almaq olar?
Nasdaq-da investisiya etmək üçün əvvəlcə bank və ya lisenziyalı investisiya şirkəti vasitəsilə investisiya hesabı açmaq lazımdır. Daha sonra bazarı araşdıraraq investisiya etmək istədiyiniz şirkəti seçir və alış əmri verirsiniz. İnvestisiya etməzdən əvvəl şirkətin maliyyə vəziyyəti, bazardakı mövqeyi və gələcək perspektivlərini qiymətləndirmək tövsiyə olunur.
Əsas addımlar:
Etibarlı bank və ya broker seçin.
İnvestisiya hesabı açın.
İnvestisiya məqsədinizi müəyyənləşdirin.
Şirkət və bazar üzrə araşdırma aparın.
Səhmi seçərək alış əmri verin.
Portfelinizi mütəmadi izləyin və riskləri idarə edin.
Nasdaq hansı günlər açıqdır?
Nasdaq bazar ertəsindən cümə gününə qədər fəaliyyət göstərir. Həftə sonları və ABŞ-ın rəsmi bayram günlərində ticarət aparılmır.
Nasdaq hansı saatlarda işləyir?
Birjanın əsas ticarət sessiyası ABŞ Şərq vaxtı ilə 09:30–16:00 arasında keçirilir. Bundan əlavə, bəzi investorlar üçün əsas sessiyadan əvvəl və sonra da məhdud ticarət (pre-market və after-hours) imkanları mövcuddur. İş saatları bayram və xüsusi günlərdə dəyişə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!