Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir
Bakı, 31 avqust, AZƏRTAC
Natəvan 1886-cı ildə 227 səhifədən ibarət "Gül dəftəri" adlı şeir albomu hazırlayıb. Onun cildindəki tirmə üzərinə rəngli saplarla bir tərəfdə nərgiz, qızılgül və Miladi "1886-cı il" tarixi, digər tərəfdə isə küknar, qovaq, şam ağacı və "1304-cü il" Hicri tarixi toxunub. Rəsmlər Şərq ornamentləri ilə haşiyələnib. Albomda divan ədəbiyyatında olan tərtibata riayət edilməyib. Dəftərin 8-ci səhifəsinə qədər şairlərdən Fənanın, Bakinin və Natəvanın "nəstəliq-şikəstə" xətti ilə növhə, sinəzən və çarparələri yazılıb. Sonra "Gül", "Yasəmən", "Qərənfil", "Süsən", "Lalə" və s. tabloların ardınca 214-cü səhifəyə qədər müxtəlif peyzaj, miniatür və etüdlər çəkilib. Bunlar hamısı Natəvanın qələmlə çəkdiyi ən nəfis rəsmlərdir.
Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə “Ön söz” yazdığı “Xurşidbanu Natəvan” kitabında Natəvanın məşhur "Gül dəftəri" albomu barədə maraqlı məlumatlar yer alır. AZƏRTAC həmin məlumatları oxuculara təqdim edir.
Naturadan çəkilən təsvirlərdə kölgə, işıq və obyekt təbii və qabarıq verilib. Xüsusilə, Tiflis mənzərələrindən "Kür qırağı"nın, "Metex qalası"nın, "Narınqala"nın, "Müctəhid bağı"nın, "Şeyx Sənan dağı"nın görünüşü çox təbii və canlı çıxıb. Əgər Vaqif öz şeirlərində Tiflisin gözəlliyini mədh etmişdisə, Natəvan bu gözəlliyi öz rəsmləri ilə tamamlayıb. Qarabağ peyzajları da albomda realist rəsm əsərləri təsiri bağışlayır və rəssam Natəvan, şair Natəvan sənətinə verdiyimiz yüksək qiyməti bir daha mənalandırır. Natəvanın poetik əsərləri kimi, realist rəsmləri də Azərbaycan klassik bədii irsinin dəyərli nümunələrindəndir.
Şairlərdən Məmo bəy Məmai və Həsən Natəvanın çəkdiyi "Gül", "Bənövşə", "Qərənfil", "Qönçə" rəsmlərinə həsr etdikləri şeirlərini yazarkən, onun sənətkarlıq qüdrətindən qüvvət və ilham alıblar. Bu əsərlərdə biz bir daha Natəvanın istedadını, yaradıcı əməyini, yüksək sənətkarlıq məharətini görürük.
Şair Məmai də "Gül dəftəri"ndəki sənətkarlığa biganə qalmayıb: "Bəh, nə xoş nəqş olunub tələti-zibası gülün" misrası ilə başlanan mədhiyyəsində heyranlıq hissini gizlətməyib:
“Natəvan nəqşəsidir ziynəti-əşari-Məmai,
O səbəb baği-İrəm tək bəzənib "Dəftəri-gül", - sözləri ilə rəsmi tərənnüm edib.
Ümumiyyətlə, həyat gözəlliklərindən görüb duyduğu, həzzi alması, həm də nəzmə çəkməsi Natəvanın real varlığa nə qədər yaxından bağlı olduğunu göstərir. Bu mövzuda yazılan şeirlər şairin dünyagörüşündəki nikbinliyin, həyatiliyin təzahür formalarından biridir. Çox vaxtını təbiətin səfalı qoynunda keçirən Xurşidbanu saatlarla onun füsunkar gözəlliklərinin seyrinə dalıb, lakin bu gözəlliklərin sadəcə olaraq tamaşasından doymayıb, orada yeni keyfiyyətlər və ruha qida verən başqa incə, zərif nişanələr axtarıb.
Təbiətə bahar müjdəsi gətirən bənövşə həmişə incəliyi, gözəlliyi və ətri ilə şairlərin, rəssamların əsas sevimli mövzusu olub. Bənövşəyə həsr edilmiş lirik mənzumələr içərisində Natəvanın şeiri xüsusilə seçilir. Onun şeirində bənövşə yeni səpkidə, yeni bədii formada canlanır. “Bənövşə” rədifli qəzəldə təbiət gözəlliyinə məftunluq poeziyasının sehrkar dili illə tərənnüm edilir:
“Fələk rənginə bənzər bu bənövşə!
Tutub səhraları, hərsu, bənövşə!
Neçün gülşənlərin tərkin qılıbsan?
Düşübən çöllərə dilcu, bənövşə!”
Təbiət gözəlliklərini sənətkar üçün başlıca ilham, zövq və fərəh mənbəyi hesab edən Natəvan öz şeirlərində də oxucusunu təbiəti sevməyə, onun nemətlərindən faydalanmağa çağırır.