Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
İqtisadçı Natiq Cəfərli Kənd Təsərrüfatı Nazirliyinin iri və xırdabuynuzlu heyvanların sayının artırılması məqsədilə elan etdiyi yeni subsidiya mexanizmini tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, Cəfərli bildirib ki, ölkədə mal-qaranın sayının azalması və bunun fonunda ətin kəskin bahalaşması probleminin diqqətə alınması müsbət addımdır.
Lakin onun fikrincə, müəyyənləşdirilən subsidiya şərtləri kiçik və orta sahibkarların, eləcə də fermerlərin böyük hissəsini bu dəstəkdən kənarda qoya bilər.
İqtisadçı xüsusilə xırdabuynuzlu heyvanlarla bağlı tələblərə diqqət çəkib. Yeni mexanizmə əsasən, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan və 500 və daha artıq xırdabuynuzlu heyvan saxlayan təsərrüfatlarda qeydiyyatda olan hər heyvana görə 4 manat subsidiya nəzərdə tutulur.
Cəfərli sual edir ki, Azərbaycanda neçə kiçik və orta fermerin 100 hektar örüş və ya otlaq sahəsi və 500-dən artıq qoyun-keçisi var?
Onun sözlərinə görə, 500 baş heyvanı olan təsərrüfata illik cəmi 2 min manat subsidiya ödənilməsi də bu sahədəki problemlərin həlli baxımından ciddi suallar doğurur.
“Bu subsidiyaları kim alacaq? 500 qoyunu olan təsərrüfata ildə cəmi 2000 manat subsidiya veriləcəksə, bu hansı dərdə dərman olacaq?” – deyə Cəfərli sual edib.
İqtisadçı subsidiya üçün müəyyən edilən əsas şərtlərdən birinin örüş və otlaq sahələrində münbitliyin və biomüxtəlifliyin artırılması olmasını da mübahisəli hesab edir.
O, bu tələblərin hansı meyarlarla ölçüləcəyinin açıqlanmasını vacib sayır:
“Otlaqlarda və örüş yerlərində münbitliyin artmasının kriterləri nədir? Biomüxtəlifliyin təmin olunması üçün xərclər tələb olunur. 2 min manat bu xərcləri qarşılayacaqmı?”
Cəfərli suvarma xərclərinin də fermerlərin üzərinə əlavə yük yaratdığını qeyd edib.
Onun sözlərinə görə, torpaqların münbitliyinin artırılması üçün suvarmaya ehtiyac yaranır və bu istiqamətdə çəkilən xərclər nəzərə alınmalıdır.
İqtisadçı hesab edir ki, heyvandarlığın inkişafına dəstək verilməsi və bu sahədə yeni mexanizmlərin tətbiqi müsbət təşəbbüsdür. Lakin subsidiyaların kimə və hansı real ehtiyac əsasında veriləcəyinin, həmçinin onların effektivliyinin necə hesablandığının aydınlaşdırılmasına ehtiyac var.
Cəfərli əlaqədar qurumların bu suallara cavab verməli olduğunu vurğulayıb və subsidiya mexanizmlərinin hazırlanması zamanı effektivliyin hansı metodologiya ilə hesablandığının açıqlanmasını zəruri sayıb.
Elmar
Gununsesi.info