Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03.02.2026

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Benzini 3 dövlətdən alan Gürcüstanda yanacağın qiyməti ucuzlaşıb. Məlumata görə, Gürcüstan hökuməti fevral ayında yanacaq alışını yanvar ayı ilə müqayisədə daha ucuz qiymətə həyata keçirəcək. 24News.ge xəbər verir ki, bu barədə Dövlət Satınalmaları Agentliyində dərc olunan konsolidə edilmiş tenderin nəticələrində qeyd olunub.

Yanvarda imzalanmış müqaviləyə əsasən, fevral ayında hökumət üçün 1 litr super və premium tipli yanacağın qiyməti 17 tetri, regular yanacaq 16 tetri, dizel yanacağı isə 25 tetri ucuzlaşıb. Konkret olaraq, konsolidə edilmiş tenderə görə, hökumət fevral ayında oktan sayı azı 98 olan 1 litr super benzinini 2.47 lariyə alacaq. Yanvar ayında bu göstərici 2.64 lari olub. Tenderin qalibi “Wissol Petroleum Georgia” şirkətidir. Premium tipli yanacağa gəlincə, fevral ayında 1 litr üçün qiymət 2.18 lari təşkil edəcək. Yanvarda bu rəqəm 2.35 lari olub. Bu kateqoriya üzrə tenderin qalibi “Rompetrol Georgia” şirkətidir.

Məlumata görə, hökumət fevral ayında 1 litr avro-regular yanacağını 2.17 lariyə alacaq. Yanvarda bu yanacağın qiyməti 2.33 lari olub. Tenderin qalibi “SOCAR Georgia Petroleum”dur. Avro-dizel (PPM 10-dan çox olmayan) üzrə isə fevral ayında 1 litr üçün qiymət 2.37 lari müəyyən edilib. Yanvarda bu göstərici 2.62 lari olub. Tenderin qalibi “Sun Petroleum Georgia” şirkətidir. Qeyd edək ki, Gürcüstanda yanacağın pərakəndə satış qiymətləri “Platts” indeksinə əsasən formalaşır. “Platts” məlumatına görə, 2025-ci ilin dekabrında benzinin orta qiyməti bir ton üçün 709.28 ABŞ dolları, dizelin qiyməti isə 740.69 ABŞ dolları olub. 2026-cı ilin yanvarında isə benzinin qiyməti 642.73 ABŞ dollarına, dizelin qiyməti isə 650.06 ABŞ dollarına enib.

Bəs bu necə mümkün olur? Nefti, qazı olmayan, idxal üzərində dayanan Gürcüstanda benzin ucuzlaşır, torpağın altından, dənizin dibindən təbii sərvətlər fışqıran ölkəmizdə isə yanacaq, təbii qazın qiyməti hər dəfə bahalaşır. Üstəlik, elekrik enerjisi, təbii qaza sabit tarif də (1 manat) əlavə edilir. 

İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirdi ki Azərbaycandan fərqli olaraq Gürcüstanda yanacağın qiymətini dövlət təyin etmir: 

- Gürcüstannın yanacaq bazarı liberaldır, dövlət tərəfindən tənzimlənmir. Dünya bazarında neftin qiyməti ucuzlaşan kimi Gürcüstanda da benzinin qiyməti ucuzlaşır. Gürcüstan daha çox Azərbaycandan, Rusiyadan, Rumıniyadan benzin alır və bu benzinin qiyməti də dünya bazarında tənzimlənir. Yəni, neftin qiymətinə bağlıdır. Yanacağın qiymətini rəqabətli mühit müəyyənləşdirir. Gürcüstanda 12 şirkət var ki, pərakəndə bazarda birbaşa fəaliyyət göstərirlər. Xarici şirkətlərdir, aralarında Azərbaycanın SOCAR şirkəti də var. Onlar da rəqabətli mühitdə, dünya bazarında neftin qiyməti enəndə, benzinin də qiymətini endirmək məcburiyyətində qalırlar, çünki rəqabət var. Bizdə isə benzinin qiymətini dövlət tənzimləyir.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью