Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2027-ci ilin dövlət büdcəsi layihəsində 67 şəhər və rayonun öz xərclərini müstəqil şəkildə ödəyə biləcəyi ilə bağlı iddia müzakirələrə səbəb olub.
İqtisadçı Natiq Cəfərli bu yanaşmanı tənqid edərək hökumətdən hesablamaların metodoloji əsaslarını açıqlamağı tələb edib.
Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli bildirib ki, hökumət regionların inkişaf etməməsi, iqtisadi və ictimai imkanların məhdudluğu, əhalinin Bakı və Abşerona axını ilə bağlı tənqidlərə cavab olaraq şəhər və rayonların dövlət büdcəsindən vəsait almadan öz xərclərini ödəyəcəyini bəyan edir.
Onun fikrincə, bu iddianın büdcə sənədinə izah və metodoloji əsaslandırma olmadan daxil edilməsi ictimai rəydə regionların inkişafı ilə bağlı müsbət təsəvvür yaratmaq cəhdidir.
Cəfərli hökumətə ünvanladığı suallarda rayonların özünü maliyyələşdirməsi anlayışının hansı hesablamalara əsaslandığını sorğulayıb.
O qeyd edib ki, şəhər və rayonların ayrıca vergi toplama sistemi olmadığı, vergilərin, rüsumların və cərimələrin mərkəzi büdcəyə daxil olduğu şəraitdə onların maliyyə müstəqilliyindən danışmaq üçün aydın meyarlar müəyyənləşdirilməlidir.
İqtisadçı, həmçinin müəllimlərin, həkimlərin, hüquq-mühafizə və digər dövlət qurumlarının əməkdaşlarının maaşlarının mərkəzi büdcədən ödənilməsinə diqqət çəkib.
Onun sözlərinə görə, regionlarda həyata keçirilən iri infrastruktur layihələrinin və təbii fəlakətlər nəticəsində yaranan zərərin qarşılanmasının da mərkəzi büdcədən maliyyələşdirilməsi rayonların özünü maliyyələşdirməsi iddiası ilə bağlı əlavə suallar yaradır.
Natiq Cəfərli hökumətin yanaşmasını tənqid edərək bildirib ki, problemlərin təsnifatını dəyişməklə onları həll edilmiş kimi təqdim etmək real vəziyyəti dəyişmir.
“Bəlkə problemləri etiraf etmək, etiraf etdikdən sonra da həll yollarını müzakirə etmək zamanı çatıb?” – deyə iqtisadçı vurğulayıb.
Cəfərli yaxın həftələrdə 2027-ci ilin dövlət büdcəsi ilə bağlı silsilə yazılarla çıxış edəcəyini, hökumətə suallar ünvanlayacağını və sənədin müxtəlif məqamlarını ictimai müzakirəyə çıxaracağını bildirib. Bununla belə, o, hökumət rəsmilərinin suallara ətraflı cavab verəcəyinə şübhə ilə yanaşdığını qeyd edib.
Elmar