NATO Aİ ilə Türkiyə arasında əməkdaşlığın dərinləşdirilməsində israrlıdır

11.03.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

NATO-nun baş katibi Mark Rutte özəl olaraq Avropa İttifaqı liderlərini təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün fikir ayrılıqlarını bir kənara qoyaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələri gücləndirməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti onun açıqlamalarından xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, buna ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının Avropa təhlükəsizliyi ilə bağlı mövqeyi səbəb olub. Qəzet yazıb ki, Brüssel Avropanın müdafiə qabiliyyətinin artırılması çərçivəsində Türkiyə və Aİ-yə daxil olmayan digər ölkələrlə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırır. Rəsmilərin sözlərinə görə, Ankara ilə əməkdaşlığı genişləndirmək istəyi həm də Aİ ölkələri ilə ikitərəfli əlaqələrin yaxşılaşdırılmasına yönəlib.

"FT" xatırladıb ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu ayın əvvəlində Londonda Ukrayna ilə bağlı keçirilən toplantıda iştirak edib. Müzakirələrlə tanış olan üç nəfərin sözlərinə görə, bu, Ruttenin fevral ayında Aİ liderləri ilə qapalı naharda çıxışından sonra olub, burada o, Türkiyə ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və iştirak edənləri Ankara ilə daha fəal əlaqə saxlamağa çağırıb.

Tramp dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını bildirib. Hətta prezident seçilməzdən əvvəl o, Avropalı tərəfdaşları öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti götürməsələr, ABŞ-ı NATO-dan çıxarmaqla hədələmişdi. Vəzifəyə gəldikdən sonra o, Avropada NATO-ya üzv dövlətlərin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmasını təmin etmək niyyətində olduğunu bəyan edib.

ABŞ prezidenti həmçinin fevralın 28-də Ağ Evdə Vladimir Zelenski ilə mübahisədən bir neçə gün sonra Ukraynaya bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. Qərar martın 4-ü səhər saatlarında qüvvəyə minib. Tramp administrasiyası dəfələrlə bəyan edib ki, Avropa Kiyevə hərbi dəstək yükünü öz üzərinə götürməlidir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью