Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bundesverin baş müfəttişi Karsten Broyer NATO Hərbi Komitəsinin sədri seçilib. Ənənəvi olaraq bu vəzifəni tutan şəxs alyansın baş katibinin baş hərbi məsləhətçisi kimi çıxış edir və hərbi strategiyanın formalaşdırılmasında iştirak edir. Broyer vəzifəsinin icrasına 2027-ci ilin iyulunda başlayacaq. Onun seçilməsi Almaniyanın NATO-dakı rolunun artmasının göstəricisi kimi qiymətləndirilir.
NATO Hərbi Komitəsinin yeni sədrinin seçilməsi sentyabrın 19-da Kopenhagendə keçirilib. Vəzifəyə iki namizəd – Bundesverin baş müfəttişi Karsten Broyer və Kanadanın milli müdafiə qərargah rəisi Cenni Karinyan mübarizə aparıb. Səsvermənin nəticəsinə görə, Broyer qalib gəlib.
Broyerin qarşıdakı fəaliyyəti alyans üçün mürəkkəb dövrə təsadüf edəcək. Onun səlahiyyət müddətində ABŞ-ın Avropadakı hərbi iştirakının azaldılması ilə bağlı planların gündəmə gəlməsi və Vaşinqtonun Avropa məsələlərinə marağının dəyişməsi NATO-nun qarşısında yeni çağırışlar yarada bilər.
Broyer seçki kampaniyası çərçivəsində Almaniyanın NATO-dakı əsas tərəfdaşları hesab olunan ölkələrin paytaxtlarına səfərlər edib və alyans daxilində dəstək qazanmağa çalışıb.
O, bu vəzifədə italyan admiralı Cüzeppe Kavo Draqoneni əvəz edəcək. NATO Hərbi Komitəsinin sədrinin seçilməsi üç ildən bir keçirilir.
Broyerin NATO-nun əsas vəzifələrindən birinə seçilməsi Almaniyanın alyansdakı artan hərbi-siyasi rolunu da əks etdirir. Son illərdə Berlin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində xərcləri artırıb və NATO çərçivəsində bir sıra təşəbbüslərdə fəal iştirak edib.
Almaniyada Olaf Şoltsun kanslerliyi dövründə elan edilən “dövr dəyişikliyi” – “Zeitenwende” siyasətindən sonra müdafiə xərcləri əhəmiyyətli dərəcədə artırılıb. Hazırkı kansler Fridrix Mertsin dövründə isə Almaniya silahlı qüvvələrinin Avropanın ən güclü quru qoşunlarından birinə çevrilməsi məqsədi qarşıya qoyulub.
Broyer 2023-cü ildən Bundesverin baş müfəttişi vəzifəsində çalışır. O, müdafiə naziri Boris Pistoriusla birlikdə Almaniya ordusunun strukturunun və hazırlıq səviyyəsinin yenilənməsi prosesində iştirak edib.
Alman generalı çıxışlarında Rusiyanın NATO üçün yaratdığı təhlükədən dəfələrlə danışıb. O, Moskvanın yaxın illərdə alyans ölkələrinə qarşı hərbi addım ata biləcəyi ilə bağlı xəbərdarlıqlar səsləndirib. Bu mövzuda onun 2026-cı ilin mayında “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibəsi də geniş müzakirə olunub.
NATO Hərbi Komitəsinin sədri kimi Broyerin alyansın şərq cinahının müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirəcəyi gözlənilir. Eyni zamanda o, NATO baş katibinin hərbi məsələlər üzrə əsas məsləhətçisi kimi alyansın strateji planlaşdırılmasında iştirak edəcək.
NATO-nun gündəliyində Ukrayna münaqişəsi ilə yanaşı, Avropanın cənub cinahının təhlükəsizliyi, miqrasiya və ABŞ-nin Avropadakı hərbi mövcudluğunun gələcəyi ilə bağlı məsələlər də yer alır. Vaşinqtonun Avropadakı hərbi kontingentini azaltmaqla bağlı mümkün planlarının reallaşması isə alyansın avropalı üzvlərinin müdafiə imkanlarına və NATO daxilində məsuliyyət bölgüsünə təsir göstərə bilər.
S.ELAY
XQ