Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
NATO müdafiə xərcləri, İran və Ukraynadakı müharibə ilə bağlı alyans daxilində yaranan fikir ayrılıqları fonunda yüksək səviyyəli görüşlərin sayını azaldır.
Gununesi.info xəbər verir ki, bununla bağlı “Associated Press“ məlumat yayıb.
Məlumata görə, görüşlərin sayının azaldılması çərçivəsində liderlərin gələn il Albaniyada keçirilməsi planlaşdırılan sammiti də baş tutmayacaq.
Albaniyanın Baş naziri Edi Rama sammitin nə vaxt keçiriləcəyi ilə bağlı hələ ümumi razılıq olmadığını və tədbirin 2027-ci ildə baş tutmayacağını açıqlayıb. Onun sözlərinə görə, sammitin 2028-ci ildə keçirilməsi ilə bağlı qərar qəbul olunsa, ünvan Tirana olacaq.
NATO-nun Baş katibi Mark Rutte isə məsələnin ciddi problem olmadığını bildirib. O qeyd edib ki, alyans sammitlərin keçirilməsi məsələsində çevik davranır və belə görüşləri yalnız zərurət yarandıqda təşkil edir.
Qeyd edək ki, NATO təxminən on il əvvələ qədər hər iki ildən bir liderlər sammiti keçirirdi.
NATO-nun yüksək səviyyəli digər görüşləri də azaldılır. Belə ki, NATO müdafiə nazirləri adətən oktyabr ayında görüşsələr də, bu il belə bir toplantı keçirilməyib və 2027-ci ilin oktyabrı üçün də görüş nəzərdə tutulmur. Xarici işlər nazirlərinin isə gələn il iki deyil, yalnız bir toplantısı planlaşdırılıb.
Agentlik onu da qeyd edir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubio vəzifəyə gəldikdən sonra NATO-nun bəzi görüşlərində iştirak etməyib və ya müzakirələr başa çatmadan tədbiri tərk ediblər. Heqset isə müdafiə nazirlərinin toplantılarından Avropa müttəfiqlərini və Kanadanı müdafiə xərcləri ilə bağlı tənqid etmək üçün istifadə edib.