Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
NATO-nun Baş katibi Mark Rütte bazar ertəsi Avropa Parlamentinin müdafiə və xarici işlər komitələrinin üzvləri ilə görüşdə bildirib ki, Avropa yaxın gələcəkdə ABŞ-ın köməyi olmadan özünü müdafiə edə bilməyəcək. Oxuməni.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat verib.
AFP agentliyi Rüttedən sitat gətirir: "Əgər burada kimsə Avropa İttifaqının və ya ümumilikdə Avropanın ABŞ-sız özünü müdafiə edə biləcəyini düşünürsə, xəyal qurmağa davam edin. Bu, mümkün olmayacaq." Bu kontekstdə o, ABŞ-ın nüvə çətirini "azadlığımızın əsas təminatçısı" adlandırıb və onun mövqeyini bölüşməyənlərə "uğurlar" arzulayıb.
Bununla yanaşı, Rütte qeyd edib ki, "ABŞ NATO-da Kanada və Avropalı NATO müttəfiqləri qədər maraqlıdır." Alyansın Baş katibi bu kontekstdə bildirib: "Avropa və Kanadanın öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət götürməsi ədalətli və məqsədəuyğun olardı. Yaxşı xəbər odur ki, onlar bunu edirlər."
Rüttenin sözlərinə görə, əgər Avropa həqiqətən "müstəqil hərəkət etmək" istəyirsə, hər bir ölkənin müdafiə xərcləri NATO üzvlərinin 2025-ci ilin iyununda razılaşdığı ÜDM-in 5%-nə deyil, 10%-nə qədər artırılmalıdır. Alyansın Baş katibi başqa bir problem kimi Avropanın nüvə potensialının artırılmasını göstərib: "Amerika çətiri" itirildiyi təqdirdə bu, "milyardlarla və milyardlarla avroya" başa gələcək.
Rütte həmçinin vahid Avropa ordusu yaratmaq ideyasını tənqid edib. Milli silahlı qüvvələrə əlavə olaraq belə bir birliyin yaranması "çoxlu dublikat strukturlar" yaradacaq ki, bu da "vəziyyəti çətinləşdirəcək".
Almaz Həsənli