Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Alyansın Ankara Zirvə görüşündə bu suala da aydınlıq gətiriləcək
Bu yaxınlara qədər Qərb birliyinin simvolu olan Şimali Atlantika Alyansı (NATO) bu gün fikir ayrılıqlarının nümayiş etdirildiyi məkana çevrilib. Bu fonda təkcə NATO üzvlərini deyil, həm də Cənub-Şərqi Asiya, Okeaniya və Yaxın Şərqdən nümayəndələri bir araya gətirəcək NATO-nun Ankara sammiti xüsusi maraq doğurur. Alyansın XXXVI Zirvə görüşünün qarşısında duran əsas sual isə budur: ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqlərinə qarşı sərt mövqeyi nəzərə alınmaqla, birliyin davamı mümkün olacaqmı? Bu kontekstdə, Trampın Zirvə görüşündən əvvəlki açıqlaması – müvafiq rəqəmlərə istinad edərək Vaşinqtonun NATO-ya digər ittifaq üzvlərinə nisbətən daha çox pul xərcləməsindən bir daha narazılığını bildirməsi – heç də təsadüfi görünmür.
Alyans daxilində fikir ayrılıqları ilə yanaşı, ayrı-ayrı dövlətlərin maraqlarında fərqin getdikcə daha da artdığı Yaxın Şərqdəki vəziyyətin də sammitdə əsas müzakirə mövzusu olacağı gözlənilir. Müşahidəçilər xüsusilə Türkiyə ilə İsrailin mövqeləri arasında faktiki açıq toqquşma amilini qeyd edirlər. Görünən odur ki, qlobal geosiyasi nizam son onilliklərin ən dinamik və həlledici transformasiya dövrünü yaşayır. Bu transformasiyanın ən mühüm dayanacağı isə bu gün və sabah Ankarada reallaşacaq NATO-nun sayca 36-cı və ən kritik sammiti olacaq.
Ekspertlərin sammit ərəfəsində verdikləri açıqlamalarda keçən il Haaqada qəbul olunan tarixi qərarların bu sammitdə həyata keçiriləcəyi əminliyi diqqət çəkir. Bunun reallaşacağı təqdirdə hərbi və siyasi aləmdə “NATO 3.0” adlandırılan tamamilə yeni bir dövr başlaya bilər. Masa üzərindəki mövzular Ukraynaya davamlı dəstəkdən tutmuş Avropanın müdafiə sənayesinin gücləndirilməsinə və yeni maliyyə sistemlərinin qurulmasına qədər böyük bir sahəni əhatə edir.
NATO-nun “yoğun” gündəlikli sammiti
Yuxarıda qeyd etdiklərimizdən başqa, NATO-nun Ankara sammitində rəqəmsal transformasiya, müdafiə sahəsində süni intellektdən istifadə və kibertəhdidlərə qarşı mübarizənin gücləndirilməsi əsas müzakirə mövzularından olacaq. Bu barədə “Türkiye” qəzeti yazır ki, müzakirələr zamanı Çinin texnoloji inkişafına xüsusi diqqət yetiriləcək. Nəşr qeyd edir ki, alyans kritik kommunikasiya sistemlərinin qorunması, məlumat təhlükəsizliyinin gücləndirilməsi və strateji texnologiyaların idxaldan asılılığının azaldılması istiqamətində birgə layihələr hazırlayır. Tədbirdə süni intellekt əsaslı müdafiə sistemlərinin inkişafı, kibertəhlükəsizlik, müdafiə sənayesində texnoloji əməkdaşlıq, eləcə də üzv ölkələrin rəqəmsal infrastrukturunun dayanıqlılığının artırılması məsələlərinin müzakirə olunacağı gözlənilir. Gündəlikdə, həmçinin Ukrayna–Rusiya müharibəsi, İran ətrafında vəziyyət, Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də yer alacaq.
Bu arada CNN telekanalı Donald Trampın NATO-nun Ankara sammitində müttəfiq ölkələrin Hörmüz boğazında təhlükəsizlik məsələsini müzakirə edəcəyi barədə məlumat yayıb. Bir sıra NATO müttəfiqləri boğazda təhlükəsizliyin təmin olunmasına dəstək verməyə hazır olduqlarını bildiriblər. Amma o da qeyd olunur ki, bütün ölkələrin bu missiyanın icrası üçün zəruri texniki imkanları yoxdur. Ağ Ev rəsmisi bildirib ki, Vaşinqton Ankara sammitdən sonra alyans üzvlərinin müdafiə xərclərini artıracağını və döyüş hazırlığını daha da gücləndirəcəyini gözləyir.
Nələr gözlənilir?
NATO-nun sammiti ev yiyəsi Türkiyə üçün də rəmzi və tarixi əhəmiyyət kəsb edir. Bu, 2004-cü ildə düzənlənən və Alyansın qlobal böhranların idarə edilməsi modelinə (“NATO 2.0”) keçidini rəsmiləşdirən İstanbul sammitindən 22 il sonra qardaş ölkədə keçirilən NATO-nun ikinci böyük tədbiridir. O zaman sammitin diqqət mərkəzində Əfqanıstan və İraq missiyaları, eləcə də Yaxın Şərqlə tərəfdaşlıq idisə, Ankarada tamamilə yeni reallıqlar – Yaxın Şərq, Rusiya–Ukrayna münaqişəsi, Çinin hərbi yüksəlişi, kiberhücumlar və hibrid təhdidlərin doğurduğu çağırışlar müzakirə mövzularıdır. “NATO 3.0”a keçidi şərtləndirən əsas amil isə transatlantik yük bölgüsünün kökündən dəyişməsidir. ABŞ öz strateji resurslarını Asiya–Sakit okean bölgəsinə yönəltməyə və Çinə qarşı durmağa fokuslandığı üçün Avropa artıq öz təhlükəsizliyinin əsas maliyyə yükünü öz üzərinə götürməlidir. Keçən il Haaqa Zirvə görüşündə qəbul edilmiş və üzv dövlətlərin 2035-ci ilə qədər hərbi xərclərini ÜDM-in 5 faizinə çatdırmağı hədəfləyən yol xəritəsi məhz bu məcburiyyətin nəticəsidir.
Hesabatlar göstərir ki, Ankara sammitinin yekun bəyannaməsi layihəsində Kiyevə 2026-2027-ci illər ərzində 70 milyard avroluq hərbi yardımın göstərilməsi nəzərdə tutulur. Eyni zamanda, Ukrayna təkcə NATO-dan təhlükəsizlik yardımı alan ölkə kimi deyil, həm də alyansın Avropa müttəfiqləri üçün təhlükəsizlik “təminatçısı” kimi qəbul edilir.
Türkiyə sammitin gündəliyinə regional prosesləri diqqətdə saxlamaqla yanaşı, Pakistan və Qətərlə birgə ABŞ və İran arasında davamlı atəşkəsin təmin olunması istiqamətində diplomatik səylərini davam etdirir. Amma bu zaman Ankaranın müttəfiqlərindən gözləntiləri də az deyil. Türkiyə terrorizmlə mübarizədə konkret dəstək istəyir və müttəfiqləri tərəfindən tətbiq olunan silah qadağaları ilə ixrac məhdudiyyətlərinin aradan qaldırılmasında israrlıdır. Prezident R.T.Ərdoğanın qeyd etdiyi kimi, çətinliklərə qalib gəlmək üçün müttəfiqlər həm xərcləri ədalətli bölüşməli, həm də hərbi ticarətdəki maneələri aradan qaldırmalıdırlar.
Ankara sammitində gözlənilən ən böyük sürprizlərdən biri isə okeanın o tayından – Kanadadan gəlir. Baş nazir Mark Karninin təşəbbüsü ilə Kanada sammitdə yeni “Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankı”nın yaradılmasını elan etməyə hazırlaşır. Ankara görüşündə bu layihəyə qoşulacaq ilk 10 ölkənin adı məlum olacaq. Təxminən 100 milyard funt-sterlinq (133 milyard dollar) həcmində maliyyə vəsaiti toplamağı hədəfləyən bu bank ABŞ-ın rəhbərlik etdiyi ənənəvi dünya nizamının zəiflədiyi bir vaxtda “orta güclər”in özünümüdafiə birliyi kimi qiymətləndirilir.
Fövqəladə hazırlıq və təhlükəsizlik
ABŞ Prezidenti Donald Trampın NATO sammiti ilə əlaqədar Ankaraya səfərinin bəzi təfərrüatları məlum olub. Trampın “tarixi sammit” kimi xarakterizə etdiyi bu görüş ərəfəsində Türkiyə paytaxtında fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirilib. Bildirilir ki, Tramp Türkiyəyə təxminən 1000 nəfərlik heyət, təkmilləşdirilmiş “Air Force One” təyyarəsi, “Marine One” helikopteri və “The Beast” (Canavar) kimi tanınan məşhur prezident limuzini ilə gələcək.
Qətər Əmiri Şeyx Təmim tərəfindən Trampa hədiyyə edilən və ABŞ Hərbi Hava Qüvvələri tərəfindən prezidentin istifadəsi üçün uyğunlaşdırılan “Boeing 747-8” tipli “Air Force One” təyyarəsinin dəyəri təxminən 500 milyon dollardır. Trampı müşayiət edən böyük heyətin əhəmiyyətli bir hissəsi sammit başlamazdan əvvəl Ankaraya çatıb. ABŞ-ın logistika və təhlükəsizlik qrupları Trampın səfərindən əvvəl Türkiyə paytaxtında ilkin hazırlıqlar aparıblar. Türkiyə mediasının məlumatına görə, Trampı Ankarada şəxsi mətbuat katibi, milli təhlükəsizlik müşaviri, media qrupu, Məxfi Xidmət agentləri və ABŞ Hərbi Hava Qüvvələri və Dəniz Qüvvələrinin nümayəndələri müşayiət edəcək.
Yüksək texnologiyalı mühafizə sistemləri, antiballistik müdafiə imkanları və qabaqcıl elektromaqnit texnologiyaları ilə təchiz olunmuş “Marine One” helikopteri ABŞ prezidentləri üçün ən vacib təhlükəsizlik aktivlərindən biri hesab olunur. Helikopter sökülərək, yük təyyarələri ilə Türkiyəyə daşınıb. Trampın rəsmi səfərlər zamanı istifadə etdiyi “Bədheybət” ləqəbli “Cadillac” limuzini Ankarada onun sərəncamında olacaq. Xüsusi olaraq Tramp üçün hazırlanmış bu nəqliyyat vasitəsi beş qatlı zireh sistemi və qabaqcıl təhlükəsizlik avadanlığı sayəsində dünyanın ən təhlükəsiz avtomobili hesab olunur.
Ümumilikdə, Ankarada həm hava, həm də yerüstü nəqliyyat üçün təhlükəsizlik hazırlıqları ən yüksək səviyyəyə qaldırılıb və Trampın səfəri üçün hərtərəfli logistika işləri aparılır. ABŞ və Türkiyə rəsmiləri Trampın ziyarət edəcəyi yerlər üçün marşrut planlaşdırması və təhlükəsizlik tədbirləri ilə bağlı bütün detalları dəqiqləşdiriblər. Zirvə görüşündən əvvəl Ankarada çoxsaylı yolların bağlanması ilə bağlı rəsmi xəbərdarlıq edilib. Tədbir müddətində Türkiyənin paytaxtı və yaxınlıqdakı Bolu və Adana şəhərlərində mitinqlər və küçə yürüşləri qadağan edilib. Bunlardan savayı, simpoziumlar, panel müzakirələri, məzun mərasimləri, şənliklər və toplantılar müvəqqəti olaraq təxirə salınıb.
Bir çox ekspertin fikrincə, NATO-nun Ankara sammitinin sakit atmosferdə keçəcəyi gözlənilmir. Eyni zamanda, onlar 2025-ci il Münxen Təhlükəsizlik Konfransında müşahidə olunan ssenarinin təkrarlanacağını proqnozlaşdırmırlar. Amma XXXVI sammitin Alyans üçün taleyüklü olacağını, hətta Ağ Ev tərəfindən NATO-nun bundan sonra mövcudluğu məsələsinin qaldırılacağını deyənlər də var.
İmran BƏDİRXANLI
XQ