Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) rusiyalı reper Navainin (əsl adı Nəvai Bəkirovdur) ölkə ərazisində həbs edilməsi ilə əlaqədar Rusiya tərəfindən nota daxil olduğunu təsdiqləyib və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müvafiq sorğu göndərəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə TASS-a Qazaxıstanın xarici siyasət idarəsindən bildirilib.
"XİN-ə Qazaxıstan tərəfindən saxlanılan Rusiya Federasiyası vətəndaşları və onların harada olması barədə məlumat verilməsi xahişi ilə nota daxil olub ki, bu da konsulluq işində qəbul edilmiş standart təcrübədir. Nazirlik tərəfindən Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanlarına müvafiq sorğu ünvanlanacaq", - deyə qurumdan qeyd edilib.
Bundan əvvəl Rusiyanın Almatıdakı baş konsulluğu TASS-a açıqlamasında Rusiya vətəndaşı ilə bağlı vəziyyətə rəsmi şərh verilməsi xahişi ilə Qazaxıstan XİN-in nümayəndəliyinə nota göndərdiklərini bildirmişdi.
Diplomatik nümayəndəlikdən - "baş konsulluq vəziyyəti nəzarətdə saxlayır", - deyə vurğulanıb.
Xatırladaq ki, N.Bəkirov oktyabrın 13-də Qazaxıstana daxil olarkən "Korday" sərhəd-keçid məntəqəsində polis və Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aparılan müştərək əməliyyatla saxlanılıb. Cambul vilayətinin Polis Departamentindən verilən məlumata görə, ittihamlar Cinayət Məcəlləsinin narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz saxlanması ilə bağlı iki maddəsini əhatə edir. Reper barəsində ikiaylıq həbs qətimkan tədbiri seçildiyi barədə bildirilib.