Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu qədim diyar əsrlər boyu səyyahlar, turistlər məskəni olub
Qədimliyi və təbii gözəllikləri ilə yurdun gülüstan diyarı, elm, incəsənət beşiyi, igidlər oylağı, Şərqin qapısı, qədim Naxçıvan... Təbiət bu yerlərə bütün gözəlliklərini səxavətlə verib. Təmiz havası, bol nemətli bağları, başı buludlara dəyən vüqarlı dağları, min bir dərdə dərman gül-çiçəkli düzləri, saf, şaqraq bulaqları, əvəzolunmaz yeraltı, yerüstü sərvətləri, zəngin relyefi, flora və faunası İlahinin möcüzəsi, eyni zamanda bəxşişidir.
Sivilizasiyanın ilk beşiklərindən olan Naxçıvanın saysız-hesabsız qədim abidələri muxtar respublikanın tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının, eyni zamanda xalqın minilliklər boyu həyat tərzinin ifadəsidir. Daş yaddaşımız olan bu abidələrə baxdıqca qürurlanır və düşünürsən: bu xalqın necə zəngin, qədim tarixi var. Bəli, bu tarixi öyrənməli, bu məmləkətin hər cığırını, izini qarış-qarış gəzməli, daşını, torpağını tanımalısan kı, qoruyub saxlaya da biləsən.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə xatun məqbərəsi, orta əsrlərin memarlıq nümunəsi - Qarabağlar memarlıq kompleksi, xalq arasında Atababa türbəsi və ya Atababa günbəzi adlanan Yusif Küseyir oğlu türbəsi, dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri qərinələrin, əsrlərin yadigarıdır.
Şəhərin mərkəzində yüksələn Naxçıvan memarlıq məktəbinin yaradıcısı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şah əsəri sayılan Möminə xatun türbəsi haqqında bir tarixi mənbədə deyilir: “1186-cı ilin güllü-çiçəkli bir yaz günü. Novruz bayramını yenicə yola salmış Naxçıvan əhalisi yenə də bayram şadlığı ilə baş şəhər meydanında toplaşmışlar. Möminə xatunun xatirəsinə ucaldılan türbənin tikintisi başa çatmışdı... Atabəy yenidən türbəyə baxdı. Geniş açılmış gözləri göy çadır günbəzdə, oynaq tağlarda, xalça süslü divarlarda, çarpaşıq kitabələrdə dolanıb lap yuxarıdakı yazı qurşağını tamamlayan iki misralıq şeir üzərində dayandı:
Biz gedirik, ancaq qalır ruzigar,
Biz ölürük, əsər qalır yadigar.
Bəli, Möminə xatun türbəsi tarixin bizə yadigarı, əsrlərin şahidi, həm də bu torpağın qüruru, məğrurluq rəmzidir.
Naxçıvan memarlıq məktəbi öz dövrünün ən yüksək sənət nümunələri olmaqla Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Culfa rayonunda Naxçıvan–Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri, Azərbaycanın tarixi memarlıq rəmzi sayılan, “Kitabi–Dədə Qorqud” dastanında möhkəm və etibarlı istehkam kimi təsvir edilən, vaxtilə Eldəgizlərin iqamətgahı olan, dövrünün ən böyük cahangiri Əmir Teymurun belə möhkəmliyi ilə heyrətləndirən möhtəşəm “Əlincə qalası”, sözün əsl mənasında, insana məğrurluq, yenilməzlik hissi aşılayır. Xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyəti olan qalanın bərpası zamanı tarixiliyi qorunub saxlanmış, Əlincə dağının ətəyində müvafiq yer seçilərək “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün bina tikilmişdir.
Bu memarlıq məktəbinin daş sənət incisi - tamamilə qırmızı turfdan ucaldılmış “Gülüstan” türbəsi də dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindəndir. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Memarlıq Qoruğu yaradılmışdır.
Naxçıvan şəhərindən təqribən 12 kilometr aralı, Culfa rayonu ərazisində, İlandağ və Nəhəcir dağı arasında yerləşən “Əshabi-Kəhf” təkcə naxçıvanlıların ziyarətgahı deyil, bütün Azərbaycanda tanınmış dini turizm obyektidir. İnsanların əsrlər boyu inanc və ümid yeri olan bu ziyarətgaha hər gün yüzlərlə insan gəlir, Uca Yaradanın möcüzəsi sayılan bu ocağı ziyarət edirlər. Son illərdə “Əshabi- Kəhf”də abadlıq işləri aparılmış, 13 kilometr məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdu. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilərək ziyarətgahdakı köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz edilmişdir. Ziyarətgahın ərazisində “Qonaq evi” və “Bələdçi otağı’’ fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ilbəil artır.
Çoxəsrlik tarixi, mədəniyyət nümunələri, qonaqpərvərlik ənənələri olan Naxçıvan zəngin təbii ehtiyatlara və əlverişli turizm potensialına malikdir. Yaşı 800 ildən artıq olan Şərq çinarı, Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı qayaüstü təsvirlərdən ibarət, qədim insanların ilk məskunlaşdığı yaşayış yeri – Gəmiqaya, Kilit mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən İlandağ, misilsiz təbiət abidələri olan Babək qalası, dini-mədəni kompleks – “Əshabi-Kəhf” qədim Naxçıvanın analoqu olmayan turizm potensalıdır.
Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi muxtar respublikada turizmin inkişafı üçün başlıca amillərdir. Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar yaradılıb. Muxtar respublikanın dilbər guşələrindən olan Şahbuz rayonunun Ağbulaq kəndi səfalı təbiəti, bənzərsizliyi, hər fəslin öz füsunkarlığı ilə göz oxşayır. Buranın təbiəti, havası, müasir infrastrukturu ilin bütün fəsillərində dağ-kurort turizmi üçün yararlıdır. Kənddə qış turizminin inkişafı sahəsindəki imkanlar nəzərə alınaraq Ağbulaq İstirahət Mərkəzi yaradılmış, dağ-xizək mərkəzi qurulmuşdur. Yerli və xarici turistlərin ən çox üz tutduğu Ağbulaq İstirahət Mərkəzi qış turizmi ilə yanaşı, yay turizmi üçün də əlverişli məkandır.
Müqəddəs Qurani Kərimin “Əl-Kəhf” surəsində haqqında bəhs edilən “Əshabi-Kəhf” ziyarətgahı hər kəsdə maraq oyadır. Haçadağ və Nəhəcir dağlarının arasında, Naxçıvan şəhərindən təqribən 12 km məsafədə yerləşən dini ziyarətgah ən qədim zamanlardan ulu Tanrıya inam, ümid bəsləyən, İlahi gücünə inanan insanların səcdəgahı kimi tanınır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan, dünya əhəmiyyətli dini-mədəni kompleks kimi siyahıya salınan “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini dünyanın dörd bir yanından zəvvarlar ziyarət edirlər.
Şəhərin cənubunda, Köhnəqala adlanan ərazidə yerləşən Nuhun qəbri ilə bağlı əfsanəyə görə, tufan zamanı Nuh peyğəmbərin gəmisi Haçadağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Əfsanədə həmin yerin Gəmiqaya adlandırılmasından, bu ərazidə “Nəbi yurdu” yaylaq yerinin və yaxınlıqda “Nuhdaban” qədim yaşayış məskəninin olmasından da bəhs olunur. Qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunmuş, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır. VIII-XII əsrlərə aid memarlıq abidəsi olan Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsini də turistlər maraqla ziyarət edirlər.
Ümumilikdə, 1200-dən çox daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınan muxtar respublikada eyni zamanda 30 muzey və rəsm qalereyası fəaliyyət göstərir. Daşınan tarix-mədəniyyət abidələrinin qorunub saxlanıldığı bu muzeylər də turistlər üçün böyük maraq kəsb edir.
Turizm sahəsi hər ötən il daha da inkişaf edən Naxçıvan qədim tarixi, müasir infrastrukturu, mədəniyyəti, incəsənəti, unikal təbiət abidələri, mətbəxi, folklor kollektivləri, bənzərsiz sənət nümunələrı, qonaqpərvərliyi ilə dünyanın istənilən ölkəsindən bura gələn hər kəsi heyrətləndirir.
Muxtar respublika turizmində əsas sahələrdən biri də müalicə turizmidir. Uzun illər duz hasilatı məkanı olan Duzlu dağın dərinliyində yerləşən, bənzərsiz təbii şəfa mənbəyi olan, muxtar respublikada publik hüquqi şəxs statusu almış ilk səhiyyə ocaqlarından biri Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün hər şərait var. Hər il orta hesabla 3500-4000 pasiyentin müalicə aldığı mərkəzə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya, İngiltərə kimi xarici ölkələrdən gələnlərin sayı az deyil. Duzdağ təkcə müalicə mərkəzi deyil, həm də Naxçıvanın qədim mədəniyyətini əks etdirən tarixi məkandır. Bu amil nəzərə alınaraq burada Duz Muzeyi də yaradılıb. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir.
Şərqin qədim yaşayış məskənlərindən olan Naxçıvanın füsunkar təbiəti mineral sularla zəngindir. Təsadüfi deyil ki, bu diyarı dünyanın təbii və mineral sular muzeyi də adlandırırlar. Muxtar respublikanın müalicə turizmində əhəmiyyətli rol oynayan, müxtəlif kimyəvi tərkibə və temperatura malik 230-a yaxın mineral su mənbəyi mövcuddur. Kimyəvi tərkibinə və rəngarəngiliyinə görə seçilən bu sular süfrələrin bəzəyi, həm də müalicəvi su kimi istifadə edilir.
Naxçıvan şəhərindən şimal-şərq istiqamətində 62 km məsafədə, Kiçik Qafqaz dağlarının yamacında, dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən, müalicəvi iqlimə malik kurort zonası–Batabatı Naxçıvanın simvolu adlandırırlar. Dağında, təpəsində min bir gözəlliyin cəm olunduğu təbiətin bu dilbər guşəsi elə cənnətin özüdür. Dünyanın müxtəlif yerlərindən insanlar təbiətin öz əli ilə yaratdıgı, füsunkar gözəlliyi ilə hər kəsi heyran edən bu ecazkar təbiətin qoynunda dincəlməyə gəlirlər.
Haçadağın möhtəşəm zirvəsi, Araz vadisinin cəlbedici mənzərəsi, Batabat gölündə üzən adalar təbiətin bu torpaqdan heç nəyi əsirgəmədiyini bir daha isbat edir.
Mehparə ƏLİYEVA
XQ