“Naxçıvan camaatının dərdinə kimsə şərik çıxmır” Novella Cəfəroğludan SƏRT İTTİHAM

27.11.2026

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvanlı nə ölüsünün yasına çata bilir, nə də dirisinin dərdinə Zavodlar, fabriklər bağlanıb. Talıbovun yerinə gətirilən şəxs onun gördüyü işlərin yarısını da görə bilmir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserinə və Kürdəmir Rayon Psixiatriya Xəstəxanasına başçəkmələr həyata keçirilib.

Sherg.az xəbər verir ki, Ombudsman Aparatının Mətbuat xidmətinin məlumatına görə, başçəkmələrin məqsədi müəssisələrdə pasiyentlərin saxlanma şəraitinin, onlarla rəftarın, psixiatriya yardımının təşkilinin, habelə hüquq və qanuni mənafelərinin təmin olunması vəziyyətinin araşdırılması olub.

Başçəkmələr zamanı hər iki müəssisədə nöqsanlar aşkar edilib. Pasiyentlərin maddi-məişət təminatının, o cümlədən mövsümə uyğun geyim və şəxsi gigiyena vasitələri ilə təminatının lazımi səviyyədə olmadığı, yataq ləvazimatlarının istifadəyə yararsız vəziyyətdə olduğu, qidalanmanın təşkilində və kadr təminatında çatışmazlıqların mövcudluğu, habelə müəssisələrin binalarında təmir işlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilib.

Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində ştat cədvəli üzrə ixtisaslı həkim vəzifələrində vakansiyaların olduğu, qidalanmanın əvvəlcədən tərtib edilmiş və təsdiqlənmiş menyu əsasında təşkil edilmədiyi, müəyyən olunmuş gündəlik qida normalarına tam riayət edilmədiyi, camaşırxana avadanlıqlarının isə işlək vəziyyətdə olmadığı müşahidə edilib. Kadr çatışmazlığının peşəkar tibbi xidmətlərin əlçatanlığına da təsir etdiyi bildirilib.

D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, əslən naxçıvanlı olan Novella Cəfəroğlu Sherg.az-a açıqlamasında Naxçıvanda sosial-iqtisadi vəziyyətin gündən-günə pisləşdiyini deyib:

“Növbəti il üçün Naxçıvanın büdcəsi azaldıldı. Niyə? Nə səbəbə? Naxçıvan 33 ildir Azərbaycandan təcrid olunmuş vəziyyətdədir. Naxçıvanlı nə ölüsünün yasına çata bilir, nə də dirisinin dərdinə.

Vasif Talıbov nə qədər qəddar olsa da, Naxçıvanda əhalinin dolanışığı üçün şərait yaratmışdı. Mən Vasif Talıbovu müdafiə etmirəm. Aramızda münaqişə olub, şəxsən məni döydürüb. Amma mən həqiqəti deməliyəm. Talıbovun şəxsən mənə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı qəddar davranışı onun Naxçıvanda əhali üçün gördüyü işləri danmaq haqqı vermir.

Talıbov Naxçıvanın ucqar kəndlərinə qaz çəkdirdi, Ordubad rayonunda dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən kəndin yollarını düzəltdirdi, asfalt çəkdirdi. Yas mərasimlərinə qayda-qanun tətbiq etdi. İndi məscidlərdə də ölünü yuyub kəfənləmək üçün qiymətlər qalxıb. Camaat işsizlik və səfalət içində yaşayır. Zavodlar, fabriklər bağlanıb. Talıbovun yerinə gətirilən şəxs onun gördüyü işlərin yarısını da görə bilmir.

Talıbovun vaxtında İran Naxçıvana nüfuz edə bilmirdi. O, yol boyu meyvə ağacları əkdirmişdi, yaşıllıqlar saldırmışdı. Hamısı indi yaman günə qalıb.

Təsəvvür etmək belə çətindir: camaat bilet alıb Naxçıvana uçur, amma geri qayıtmaq üçün bilet tapa bilmir. Geri dönmək üçün əlavə 100-200 manat xərc çəkməli olurlar”.

N.Cəfəroğlu Ombudsman Aparatının Milli Preventiv Qrupunun psixiatriya xəstəxanalarında monitorinq aparmasını müsbət qiymətləndirdiyini bildirib, lakin bununla yanaşı, bir sıra problemlərə də diqqət çəkib:

“Mən Ombudsman Aparatının fəaliyyətini bəyənirəm. Naxçıvanda psixiatriya müəssisəsində monitorinq aparılması və nöqsanların üzə çıxarılması müsbət addımdır. Bəs bu nöqsanlar aradan qaldırılacaqmı? Necə ola bilər ki, insanlar işsizdir, camaat iş axtarır, amma vakansiyalar boş qalır, heç kim işə qəbul edilmir?

Naxçıvanın problemləri bir deyil, iki deyil... Biz hamımız, xalq olaraq, 30 il Qarabağ davası apardıq. Qarabağ adı dilimizdən düşmədi. Amma bu illər ərzində görmədim ki, kimsə Naxçıvanın problemlərindən danışsın, Milli Məclisdə bu məsələləri qaldırsın. Biri də Naxçıvanın xeyrinə söz demir. Amma biz hamımız “Qarabağlıyıq” deyirdik.

Mən bölücülükdən uzağam. Amma Naxçıvanın dərdi məni dilə gətirir. Qarabağlılar isə Naxçıvanın adını dillərinə gətirmirlər. Bu camaat yazıqdır, hamımız onlara kömək etməliyik. Çalışmalıyıq ki, problemlər həll olunsun. Naxçıvan bu gün də blokada şəraitindədir. Hamılıqla onu blokadadan çıxarmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью