“Naxçıvan duzu” adı ilə torpaq satılır? Mütəxəssisdən təhlükə siqnalı

26.11.2026

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu, qida zəncirində ciddi bir qırılmanın olduğunu göstərir”

Həmkarımız İlhamə Qasımlı “Naxçıvan duzu” adı ilə məhsul aldığını, lakin onun həqiqətən də Naxçıvan duzu olduğuna şübhə etdiyini bildirib. Sosial şəbəkədə paylaşım edən jurnalist yazıb:

“Naxçıvanlı dostlar, məsləhətinizə ehtiyacım var. Bunu (şəklini əlavə edib) Naxçıvan duzu adı ilə almışam. Evdə suya tökdüm ki, əridim. Suyun rəngi xeyli tündləşdi. Palçıq rənginə çevrildi, deyə bilərəm. Naxçıvan duzu belə olur, yoxsa məni aldadıblar?”

Fotoda duzun rənginin tünd olması diqqət çəkir. Bəs duz belə olmalıdırmı? Hətta “daş duz” olsa belə, bu cür görünməsi normaldırmı?

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov Sherg.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Təqdim olunan fotoya əsasən deyə bilərəm ki, bu duz təhlükəlidir. Çünki fiziki çirklənmənin olduğu aşkar görünür. Çox zaman deyirlər ki, daş və qaya duzları faydalıdır. Amma duzun tərkibində torpaq varsa, fiziki çirklənməyə məruz qalıbsa, bu, sağlamlıq üçün zərərlidir. Həm böyrəklərə, həm də ümumilikdə orqanizmə mənfi təsir göstərə bilər.

Bu cür qaya duzları fiziki çirklənmədən təmizlənmədən istehlakçıya təqdim olunmamalıdır. Fərqi yoxdur, istər göl, istər dəniz, istərsə də qaya duzu olsun. Duzlar fiziki, kimyəvi və bioloji təmizlənmədən keçirildikdən sonra satışa çıxarılmalıdır.

Fotoya əsasən bildirirəm ki, bu duzun istehlakı yolverilməzdir. Məhsul haradan alınıbsa, AQTA-ya məlumat verilməlidir. Fərdi sahibkardan alınıbsa belə, yenə də bu barədə quruma müraciət edilməlidir. AQTA-nın 1003 nömrəli “Qaynar xətt”inə zəng etmək lazımdır”.

A.Salamov bildirib ki, Naxçıvan duzu yerli mineral duzdur və faydalıdır. Lakin bu, onun torpaq qarışığı ilə istehlak edilməli olduğu anlamına gəlmir:

“Duzlarla bağlı AQTA ciddi addımlar atmalıdır. Son zamanlar duzlarla bağlı narahatedici xəbərlər yayılır. Yağışlı günlərdən sonra Masazırdan toplanan göl duzları da çirklənmiş vəziyyətdə satışa çıxarılıb. Onların tərkibində duzla qarışıq qum, torpaq və xırda daşlar var idi.

Bu, duzun düzgün emal prosesindən keçirilmədiyini, təmizlənməsi üçün istifadə olunan avadanlıqların isə tələblərə cavab vermədiyini göstərirdi. Müvafiq avadanlıqlar olduqda məhsul süzülür və fiziki çirklənmədən təmizlənir.

Naxçıvan duzu isə göl duzu deyil, qaya duzudur. Buna görə də onda fiziki çirklənmə olmamalıdır. İnsan gündəlik müəyyən miqdarda duz qəbul etməlidir. Fiziki çirklənməyə məruz qalmış duzlar isə satışa çıxarılmamalı, oradan da evlərimizin mətbəxinə, daha sonra süfrəmizə gəlib çatmamalıdır. Bu, qida zəncirində ciddi bir qırılmanın olduğunu göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью