Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Naxçıvan aeroportunda eniş zolağı qardan təmizlənmədiyi üçün yük təyyarəsi sürüşərək zolaqdan çıxıb. Pilotun peşəkarlığı sayəsində insident faciə ilə nəticələnməyib.
Bu haqda "Gündəlik Naxçıvan"a aeroportdakı mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, aeroportda texnika çatışmadığından eniş zolaqları qardan yetərincə təmizlənə bilmir. Hadisəyə səbəb də eniş zolağının buz bağlaması olub olub.
Mənbənin sözlərinə görə, hadisə yanvarın 20-si, güclü qar yağan günün səhəri baş versə də ictimaiyyətdən gizlədilib:“Texnikaya ayrılmış pul yeyilib deyə, yenisini alamaq imkanı yoxdur. Əldə olan qar əridən texnikalar çatdırmır. İşçiləri töküb, əl ilə təmizlədirlər. Belə olanda da buz bağlamış qar tam təmizlənmir. Hadisə baş verən günün gecəsi güclü qar yağmışdı, səhər çatdırıb yaxşı təmizləyə bilməmişdilər.
Hamıya ciddi tapşırıq verildi ki, qəza haqda heç yerdə danışılmasın. Çünki, yeyinti üzə çıxacaqdı. Bakıda tətildə olan rəis təcili qayıtdı. Xidmət rəisinə töhmət verməklə işi ört-basdır elədi. O da etiraz edib dedi ki, texnika alın, olmasın”.
Mənbə deyir ki, son vaxtlar təyyarə reyslərinin gecikməsinin əsl səbəbi də budur:“Bu hadisədən sonra ciddi tapşırıq verilib ki, qar tam təmizlənməmiş enişə icazə verilməsin. Qar yağan günlər təmizləmə bəzən axşama kimi çəkir. Çünki böyük hissə əllə, işçilərin hesabına təmizlənir. Bu müddətdə bütün təyyarə reysləri təxirə salınır. Adını da qoyurlar ki, çən var, təyyarə enə bilmir”.