Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Talenin ümidinə qalmış diyar erməni işğalından necə xilas olmuşdu?
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan 8–10 kilometr məsafədə yerləşən Kərki kəndi Qarabağ münaqişəsi başlanandan sonra Ermənistanın işğalına ilk məruz qalan yurd yerlərindəndir.
O zamanlar Şərur rayonunun, 1990-cı ildən sonra isə yeni yaradılan Sədərək rayonunun inzibati ərazi dairəsinə daxil olan bu kənd mənfur qonşularımızın işğalçılıq siyasətinin ilk hədəflərindən biri olmuşdur.
Hadisələrin xronologiyasına nəzər salsaq görərik ki, Kərkinin işğalı Bakıdakı 20 Yanvar faciəsinin, ermənilərin Sədərəyə silahlı basqınlarının, dəhşətli Xocalı faciəsinin, eləcə də işğal olunan rayonlarımızın acı taleyinin başlanğıcı olmuşdur.
Əvvəlcə ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən gecələr Sədərəkdən Kərkiyə yük maşını ilə, bəzən də piyada 30–40 könüllü müdafiəçi gedir, gecəni səhərədək kərkililərlə birlikdə kəndin keşiyini çəkirdilər.
Sonralar həmin könüllülərə muxtar respublikanın digər bölgələrindən gələnlər də qoşuldular.
Çox keçmədi ki, Kərki ilə Sədərək arasında əlaqə tamamilə kəsildi, Kərkinin müdafiəçilərinə ərzaq və silah-sursat çatdırmaq da problemə çevrildi.
Lakin bu kəndin müdafiəçiləri qəhrəmanlıqla vuruşub son ana qədər düşmənə ciddi müqavimət göstərdilər.