Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... Vasadze

30.10.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan parlamenti ABŞ ilə TRİPP (“Tramp marşrutu”) layihəsi üzrə sazişi ratifikasiya edib. Bu, müsbət siqnal olsa da, iki prinsipial sual hələ də açıq qalır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan və Azərbaycan arasındakı son prosesləri şərh edərkən gürcü politoloq Gela Vasadze deyib.

“Birinci sual: sahədə işlər nə vaxt başlayacaq? Söhbət sənədlərin imzalanmasından, təntənəli bəyanatlardan və növbəti təqdimatlardan deyil, konkret infrastrukturun tikintisindən gedir. İkinci və ən vacib sual isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin hansı mexanizmlə təmin ediləcəyidir. Çünki bu məsələ həll olunmadan layihənin özü böyük ölçüdə mənasını itirir. Bakı üçün bu, Ermənistanla münasibətlərin normallaşmasının iki əsas şərtindən biridir”, - ekspert bildirib.

Gela Vasadze qeyd edib ki, ikinci şərtlə bağlı Ermənistan hökumətinin mövqeyi artıq aydındır:

“Nikol Paşinyan Ermənistanın (Azərbaycana qarşı ərazi iddiasının yer aldığı) Müstəqillik Bəyannaməsini açıq şəkildə “antidövlət sənədi” adlandırıb. Onun haqsız olduğunu kim deyə bilər? Çünki Qarabağ Azərbaycanın bir hissəsidir. Ermənistan dövlətçiliyini bu reallığı inkar etmək üzərində qurmaq cəhdi həm Ermənistanda, həm də Azərbaycanda çoxsaylı insan faciələrinə səbəb olub və bütün Qafqaz üçün faciəyə çevrilib.

Paşinyan bu gün faktiki olaraq öz vətəndaşlarına “tarixi iddialar siyasəti”ndən imtina edərək mövcud dövlətin maraqlarına əsaslanan siyasətə keçməyi təklif edir. Buna nail ola biləcəkmi? Zaman göstərəcək.

Qarşıda referendum və bundan heç də az əhəmiyyətli olmayan, öz tarixinin, hətta milli kimliyinin yenidən dərk edilməsi kimi mürəkkəb proses var. Bu, çətin yol olsa da, sülhə aparan başqa yol yoxdur. Buna görə də Paşinyana müxtəlif münasibət bəsləmək mümkündür, amma onun gördüyü işlərin əhəmiyyətini qiymətləndirməmək ədalətsizlik olardı”.

Politoloq Cənubi Qafqazın digər ölkəsi - Gürcüstandakı duruma da diqqət çəkib:

“Bakı və İrəvanda nəqliyyat dəhlizlərini, siyasi normallaşmanı və regionun gələcəyini müzakirə etdikləri vaxtda bizdə müxalifət partiyalarının qadağan edilməsi məsələsi ilə məşğuldurlar. Üstəlik, bu məsələ kifayət qədər ciddi şəkildə gündəmdədir və görünür, onun reallaşması qaçılmazdır.

Konstitusiya Məhkəməsi beş siyasi birlik barəsində müvafiq iddiaya baxır.

Mən uzun müddət baş verənlərə daha yumşaq ad verməyə çalışsam da, alınmadı. Siyasi dəlilik - başqa cür demək mümkün deyil. Ən təəssüfləndirici məqam isə budur ki, Gürcüstan yeni regional arxitekturanın əsas iştirakçılarından birinə çevrilmək üçün bütün zəruri imkanlara malikdir. Coğrafiya, infrastruktur, tarixi əlaqələr və beynəlxalq təcrübə...

Uzun müddət məhz Gürcüstan Cənubi Qafqazın siyasi lideri roluna iddialı olub. Bu gün Azərbaycan və Ermənistan aralarında mövcud olan bütün problemlərə və ziddiyyətlərə baxmayaraq, regionun sabahının necə olacağını müzakirə edir. Bizdə isə hələ də öz dünənimizlə bağlı məsələləri həll edə və gələcəyə baxa bilmirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью