Naxçıvanda 9 aylıq ixrac 2,8 dəfə artıb

31.10.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 155,7 milyon ABŞ dolları təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 67,3 faiz, o cümlədən idxal 53,9 faiz, ixrac isə 2,8 dəfə artıb.

Muxtar respublikada Azərbaycan Prezidenti Nümayəndəliyindən aldığımız məlumatda bildirilir ki, 9 ayda xarici ticarət dövriyyəsinin 31,7 faizi Türkiyə, 12,6 faizi Çin, qalan hissəsi isə Misir, Birləşmiş Ərəb Əmirlikləri, İran, Gürcüstan, Rusiya və digər ölkələrlə aparılıb. İxrac olunan əsas məhsulların ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətən 18,1 milyon dollar və ya 175,1 faiz artaraq 28,4 milyon dollar təşkil edib. İxracdakı artım əsasən duz, kükürd və tikinti materialları, taxıldan hazırlanan məhsullar, mineral yanacaq məhsulları və içkilər üzrə həcmlərin yüksəlməsi hesabına qeydə alınıb.

Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.3.3.-cü bəndi ilə müəyyən edilmiş muxtar respublikada istehsal olunan məhsulların ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə istehsal olunmuş və ixraca yönəlmiş məhsulların 50,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 14,5 faizi Gürcüstana, 9,5 faizi Səudiyyə Ərəbistanına, 6,5 faizi Qırğızıstana, hər biri 4,9 faiz olmaqla Yəmən və İrana, 3,9 faizi Keniyaya, 2,7 faizi isə Türkiyəyə ixrac edilib.

Bu ilin 9 ayında idxal olunan əsas malların ümumi həcmi ötən ilin analoji dövrünə nisbətən 44,6 milyon dollar və ya 53,9 faiz artaraq 127,3 milyon dollara çatıb. İdxaldakı artım, əsasən, istehsal və investisiya təyinatlı mallar, o cümlədən maşın, mexanizm və avadanlıqlar, qara metallar və digər sənaye malları, eləcə də tütün məmulatları hesabına formalaşıb.

Artımın bütövlükdə rüsumdan azad idxal hesabına baş verməsi, rüsuma cəlb olunan idxalın isə 7,7 faiz azalması investisiya və istehsalyönümlü idxalın üstünlük təşkil etdiyini göstərir. Ümumilikdə, göstəricilər iqtisadi fəaliyyətin canlanması fonunda idxal strukturunun istehsal və sənaye təyinatlı mallara doğru dəyişməsini ifadə edir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью