Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Samir Həziyev 4, Aydın Quliyev isə 3 il azadlıqdan məhrum edilib.
Prokuror Samir Həziyevin 5, Aydın Quliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.