Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan Regional DOST Mərkəzində “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təminat üçün göndərişlər verilib. Həmin şəxslər Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilib. Onlar abadlaşdırma, yaşıllaşdırma, parklara, ictimai yerlərə qulluq, sosial xidmətlərin göstərilməsi və s. işlərdə çalışacaqlar.
Proqramın əsas məqsədi işsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışını asanlaşdırmaq, onların mövcud vakansiyalar barədə məlumatlandırılmasını və uyğun iş yerlərinə yönləndirilməsini təmin etməkdir.
Naxçıvanda həyata keçirilən bu tədbirlər regionda məşğulluğun artırılması, əmək resurslarından daha səmərəli istifadə və vətəndaşların gəlir imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. İş axtaran şəxslərin müxtəlif sahələr üzrə vakansiyalara yönləndirilməsi onların əmək bazarına daha sürətli inteqrasiyasına şərait yaradır. Proqram çərçivəsində ödənişli ictimai işlərə cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır. Bu da onların gələcək əmək və sosial təminat hüquqlarının əsasını təşkil edir.
Ümumilikdə, məşğulluq siyasətində əsas istiqamətlərdən biri işsiz vətəndaşların yalnız vakansiya ilə tanış edilməsini deyil, onların bacarıq və imkanlarına uyğun iş yerlərinə yönəldilməsini təmin etməkdir.
XQ