Naxçıvanda məktəblilər arasında Nəsirəddin Tusi adına II fizika riyaziyyat olimpiadasının final turu keçirilib

19.04.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli alim, astronom, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas və görkəmli dövlət xadimi Nəsirəddin Tusiyə həsr olunmuş V-IX sinif şagirdləri arasında fizika-riyaziyyat fənləri üzrə II fizika-riyaziyyat olimpiadasının final turu keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada rayon- şəhər mərhələsində qalib olan 132 şagird iştirak edib. Olimpiadada V-VII siniflər üçün 25, VIII-IX siniflərdə isə 30 test tapşırığı təqdim olunub və sualların cavablandırılması üçün 3 saat vaxt ayrılıb.

Olimpiadanın nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin rəsmi sosial şəbəkə hesablarında açıqlanacaq.

Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir. Final turunun qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və sponsor təşkilatlar tərəfindən fəxri fərman, həmçinin qiymətli hədiyyələrlə təltif olunacaq.

Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Birbank və Paşa sığortanın sponsorluğu ilə təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью