Naxçıvanda Məlumatların Mühafizəsi Günü münasibətilə maarifləndirici tədbir keçirilib

28.01.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Rəqəmsal mühafizə: Məlumat təhlükəsizliyinin gücləndirilməsi” mövzusunda interaktiv maarifləndirmə və tətbiqetmə tədbiri təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin əsas məqsədi dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması, mövcud risklər barədə məlumatlılığın gücləndirilməsi olub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca nazirliyin əməkdaşları Kənan Hüseynəliyev və Bilgin Həsənov dövlət qurumlarında informasiya təhlükəsizliyinin rolu və əhəmiyyəti mövzularında çıxış ediblər, videoçarx nümayiş olunub.

Sonra informasiya təhlükəsizliyi üzrə 25 sualdan ibarət test yarışı keçirilib.

Tədbirin tətbiqetmə mərhələsində nazirliyin əməkdaşı Turqay Məhərrəmov tərəfindən nəzəri biliklərə əsaslanan suallar və ssenari əsaslı praktiki tapşırıqlar icra edilib, informasiya təhlükəsizliyi üzrə müzakirələr aparılıb, real iş mühitindən nümunələr əsasında mümkün həll yolları təqdim olunub.

Yekunda testin nəticələrinə əsasən, iştirakçıların bilik səviyyəsi qiymətləndirilib və yüksək nəticə göstərən ilk 3 iştirakçı mükafatlandırılıb, tədbirdə aktiv iştirakı ilə seçilən üç nəfər isə sertifikatla təmin olunub.

Qeyd edək ki, tədbir 28 Yanvar - Məlumatların Mühafizəsi Günü münasibətilə və “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”sı çərçivəsində keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью