Naxçıvanda nə baş verir? Muxtar Respublikada daşlar yerinə oturmur Səbəb

28.01.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

2022-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasında aparılan antikorrupsiya tədbirləri böyük səs-küy yaratdı. Bu proses Vasif Talıbov klanının sonunu gətirdi. Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvana xüsusi nümayəndə təyin edilən Fuad Nəcəfli də müəyyən müddət sonra vəzifəsindən uzaqlaşdırılıb. O da etimadı doğrultmadı.

Bu proseslər fonunda Muxtar Respublikanın idarəetmə strukturlarında aparılan dəyişikliklər yeni mərhələnin formalaşdığına dair müzakirələri gücləndirir. Ötən gün Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsində çalışan Ülvi Hüseynli tutduğu vəzifədən azad edilib.

Aparat rəhbərinin vəzifəsindən azad edilməsi nədən xəbər verir? Bütün bunlar Naxçıvanda aparıldığı iddia olunan “təmizləmə” prosesinin davamı sayıla bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Naxçıvanda yaxın zamanlarda çox ciddi kadr islahatları ilə tanış olacağıq:

“Bilirsiniz ki, bundan əvvəl Naxçıvana rəhbərlik edən Fuad Nəcəfli ondan gözlənilən heç bir addımı atmadı. Əksinə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ən mənfur kadrlarını seçib yüksək vəzifələrə gətirdi. Onlarla əl-ələ verib Muxtar Respublikanın daha çox talan olunmasında rol oynadı. Bir çox məişət pozğunluğuna varan vərdişləri Naxçıvandakı problemləri nəinki çözmədi, əksinə, onların daha da dərinləşməsinə yol açdı. Nəticədə ölkə başçısı onu sözün bütün mənalarında Naxçıvandan qovdu”.

Heydər Oğuz

Heydər Oğuz daha bir maraqlı məqama toxunub:

“Təsəvvür edin, Fuad Nəcəfli Naxçıvandan ayrılarkən belə, rəhbərlik üçün nəzərdə tutulan avantajlardan istifadə etməsinə icazə verilmədi. Sadə vətəndaş kimi ümumi növbədə dayanıb biletini aldı və Naxçıvanı tərk etdi. Bütün bunlar əslində ona və himayədarlarına verilən mesaj idi. Prezident sanki onlara mədəni və kübar şəkildə “qovuldunuz” dedi. Ardınca da jurnalistlərə verdiyi müsahibəsində Naxçıvandakı nümayəndəsinin etimadı doğrultmadığı bəyan etdi. Bütün bunlar təkcə Fuad Nəcəfli barədə deyilmiş sözlər deyildi. Həm də onun seçdiyi və onu seçib prezidentə təqdim edən kadrlara bir ismarış idi. Hesab edirəm ki, bu ismarışdan sonra Fuad Nəcəfli ilə əlbir olub Naxçıvanı talayan bütün məmur sinfi öz vəzifəsindən uzaqlaşdırılacaq və yerlərinə vaxtilə bu postlarda işləyən, amma Vasif Talıbovun özbaşınalığına tabe olmadıqları üçün Muxtar Respublikadan didərgin salınan səriştəli idarəçilər gətiriləcək”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью