Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan, 15 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dəstəklənməsi istiqamətində 9 sahibkarlıq subyektinə 33 təsdiqedici sənəd verilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müvafiq investisiya təşviqi sənədi olan müəssisələrə təqdim olunan 5 təsdiqedici sənəd əsasında 1,5 milyon manat dəyərində Rusiya, Çin, Türkiyə mənşəli texnika, texnoloji avadanlıqlar və qurğular idxal edilib.
Cari il yanvarın 1-dən qüvvəyə minən vergi, gömrük və sosial sığorta güzəştlərinə əsasən, 28 təsdiqedici sənəd əsasında 2,4 milyon manat dəyərində xammal və materialların Avstriya, İran, İraq, Gürcüstan kimi ölkələrdən idxalı həyata keçirilib.
Cari ilin 3 ayı ərzində idxal olunan xammal, material və texnoloji avadanlıqlara əlavə dəyər vergisi və gömrük rüsumları üzrə 1,1 milyon manat dəyərində güzəştlər tətbiq edilib.
Bütün bunların nəticəsi olaraq qida məhsulları, tütün məmulatları, sərinləşdirici içkilər, mineral sular, metal və plastik məmulatlar istehsal edən müəssisələrin emal gücü və ixrac potensialı artıb.
Müxbir - Nail Əsgərov