Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
"Smart grid" texnologiyalarının tətbiqi müasir dövrün tələbidir
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərləri zamanı müəyyənləşdirdiyi strateji hədəflər və verdiyi tapşırıqlar regionda yaşıl enerji zonasının yaradılmasına güçlü təkan vermişdir. Dövlət başçısının "Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi və onun böyük ixrac potensialının reallaşdırılması prioritettir" təlimatına uyğun olaraq, muxtar respublikada bərpa olunan enerji mənbələrinin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Regionda günəş, külək və su elektrik stansiyalarının gücünün artırılması, energetika şəbəkələrinin rəqəmsallaşdırılması, eləcə də "Smart grid" (ağıllı şəbəkə) texnologiyalarının geniş tətbiqi müasir dövrün çağırışlarına cavab verən yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyacı xüsusilə ön plana çıxarır. Bu strateji vəzifənin icrasında bölgənin əsas elmi-akademik mərkəzi olan Naxçıvan Dövlət Universiteti (NDU) həlledici rol oynayır.
Naxçıvan Muxtar Respublikasının energetika sektoru son illərdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti sayəsində köklü transformasiya dövrünü yaşayır. Regionun enerji müstəqilliyinin tam təmin olunması, ekoloji baxımdan təmiz yaşıl enerji resurslarından maksimum istifadə edilməsi və infrastruktura ən son innovasiyaların tətbiqi muxtar respublikanı bölgənin strateji enerji mərkəzinə çevirir. Günəş panellərinin, külək turbinlərinin və su elektrik stansiyalarının istehsal gücünün ardıcıl olaraq genişləndirilməsi tətbiq olunur. Bütün bu rəqəmsal yeniliklər və texnoloji tərəqqi energetika sahəsində müasir dünyagörüşünə, yüksək mühəndislik vərdişlərinə malik kadrların hazırlanmasını təxirəsalınmaz zərurətə çevirir. Regional iqtisadiyyatın və sənayenin enerjiyə olan artan tələbatını elmi əsaslarla qarşılamaq missiyası isə birbaşa muxtar respublikanın ali təhsil ocağının üzərinə düşür. Məhz bu məsuliyyətli və strateji vəzifənin yerinə yetirilməsində Naxçıvan Dövlət Universiteti (NDU) öz elmi-pedaqoji potensialı ilə aparıcı hərəkətverici qüvvə kimi çıxış edir. Təlim prosesinin praktiki səmərəliliyini təmin etmək və tələbələrin mühəndislik təfəkkürünü inkişaf etdirmək məqsədilə tədris şəraiti ardıcıl olaraq modernləşdirilir.
Strateji ixtisaslar və müasir kadr hazırlığı
Naxçıvan Dövlət Universiteti muxtar respublikanın energetika və sənaye infrastrukturlarının həm cari, həm də perspektiv inkişaf meyillərini dərindən təhlil edərək təhsil proqramlarını qlobal standartlara uyğunlaşdırır. Məhz bu yanaşmanın nəticəsidir ki, universitetdə elektrik-elektronika mühəndisliyi və energetika mühəndisliyi ixtisasları üzrə tədris modeli köklü şəkildə konseptual yeniliklərlə zənginləşdirilmişdir. Tələbələrə fundamental nəzəri bazalarla yanaşı, müasir avtomatlaşdırma sistemləri, mikroelektronikanın əsasları, bərpa olunan enerji mənbələrinin inteqrasiyası və elektrik təchizatının etibarlılığı kimi strateji fənlər müasir metodologiya ilə tədris olunur.
İnnovativ laboratoriya mühiti və praktiki hazırlıq
Ali təhsil müəssisəsində istifadəyə verilmiş son nəsil laboratoriya kompleksləri tələbələrə elektrik dövrələrinin rəqəmsal modelləşdirilməsi, mikrokontrollerlərin proqramlaşdırılması, SCADA sistemlərinin idarə edilməsi və energetika avadanlıqlarının real iş rejimində sınaqdan keçirilməsi üçün geniş imkanlar yaradır. Bu təcrübə mühiti gələcəyin mühəndislərinə mürəkkəb texniki məsələləri sərbəst həll etmək vərdişləri qazandırır.
Qlobal təcrübə müstəvisi və istehsalatla inteqrasiya
NDU-da tədrisin istehsalat sektoru və qlobal akademik şəbəkələrlə inteqrasiyasına prioritet kimi baxılır. Energetika və elektrik-elektronika mühəndisliyi istiqamətində təhsil alan tələbələrin istehsalat təcrübələri yalnız muxtar respublikanın müasir su, günəş və istilik elektrik stansiyalarında deyil, eyni zamanda dünyanın aparıcı dövlətlərinin — Almaniya, İtaliya və Türkiyənin nüfuzlu universitetlərində, texnoparklarında və nəhəng mühəndislik mərkəzlərində təşkil edilir.
Bu genişmiqyaslı beynəlxalq təcrübə mübadiləsi və sənaye inteqrasiyası tələbələrin qlobal texnoloji trendləri yerində mənimsəməsinə, xarici mütəxəssislərlə birgə layihələrdə iştirak etməsinə və beynəlxalq rəqabətədavamlılığa yiyələnməsinə şərait yaradır. Müasir nəzəri biliklərlə beynəlxalq praktikanın sintezi NDU məzunlarının əmək bazarında ilk günlərdən yüksək tələbat görən kadr kimi çıxış etməsini təmin edir. Nəticədə, hazırlanan bu yeni nəsil mühəndis korpusu regionun gələcək rəqəmsal və yaşıl enerji transformasiyasının əsas hərəkətverici qüvvəsinə çevrilir.
Naxçıvan Muxtar Respublikasının regional “yaşıl” enerji koridoruna və strateji enerji qovşağına çevrilməsi istiqamətində atılan genişmiqyaslı addımlar NDU-nun mühəndislik yönümlü ixtisaslarının prioritet əhəmiyyətini bir daha nümayiş etdirir. Universitetdə elektrik-elektronika və energetika mühəndisliyi sahəsində yetişən yeni nəsil mütəxəssislər muxtar respublikanın kəsintisiz və dayanıqlı enerji təchizatına, eləcə də istehsalat proseslərinin rəqəmsallaşdırılmasına həlledici dəstək verirlər. Bu kadrların elmi-praktiki potensialı regionda bərpa olunan enerji mənbələrinin səmərəli istifadəsinə, ekoloji tarazlığın qorunmasına və ümumilikdə regional iqtisadi tərəqqiyə güclü təkan verir.
Universitet-sənaye tərəfdaşlığının möhkəmlənməsi sayəsində məzunlar mürəkkəb mühəndislik həllərini müstəqil şəkildə reallaşdırmaq iqtidarında olurlar. Beləliklə, Naxçıvan Dövlət Universiteti yalnız kadr hazırlayan təhsil ocağı kimi deyil, eyni zamanda muxtar respublikanın yaşıl və rəqəmsal gələcəyini şərtləndirən strateji elmi mərkəz kimi öz tarixi missiyasını uğurla həyata keçirir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Naxçıvanda istehsal olunacaq yaşıl enerjinin Türkiyə vasitəsilə Avropa bazarlarına ixracı gələcək dövrün əsas hədəflərindən biridir. Dövlət başçısının regiona səfərləri çərçivəsində təməli qoyulan və istifadəyə verilən yeni energetika obyektləri bu hədəfə doğru atılan böyük addımdır. Naxçıvan Dövlət Universitetinin hazırladığı yüksək ixtisaslı mühəndis kadrları isə ölkə rəhbərinin müəyyənləşdirdiyi bu möhtəşəm strategiyanın aparıcı icraçılarına çevrilərək regionun yaşıl gələcəyinə öz töhfələrini verəcəklər.
Sevinc Rzayeva,
NDU-nun Elektronika və energetika kafedrasının baş müəllimi