Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət başçısının muxtar respublikaya səfəri Naxçıvanın strateji əhəmiyyətini bir daha önə çıxardı
Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Azərbaycanın müdafiə siyasətinin mühüm istiqamətlərindən biri – muxtar respublikanın hərbi potensialının gücləndirilməsi məsələsi də diqqət mərkəzində oldu.
Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın coğrafi-strateji mövqeyinin ölkənin təhlükəsizlik sistemində xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, son illərdə bu istiqamətdə həyata keçirilən hərbi quruculuq tədbirlərinə diqqət çəkdi. Əlahiddə Ordunun imkanlarının genişləndirilməsi, ən müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin yaradılması Naxçıvanın müdafiə qabiliyyətinin sistemli şəkildə gücləndirildiyini göstərir.
“Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, – özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir”. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər Azərbaycanın müdafiə siyasətində Naxçıvanın xüsusi strateji əhəmiyyətini bir daha ortaya qoyur. Dövlət başçısının vurğuladığı kimi, son illər Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilib. Bu yanaşma yalnız hərbi hissələrin müasir texnika ilə təchiz edilməsini və yeni komando qüvvələrinin yaradılmasını nəzərdə tutmur. Eyni zamanda, Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı yerləşən Naxçıvanın təhlükəsizlik sisteminin daha dayanıqlı və özünəyetərli qurulmasına hesablanmış kompleks strategiyanı ifadə edir. Prezidentin sözlərindən də görünür ki, burada əsas məqsəd mümkün təhlükələrə qarşı qabaqlayıcı müdafiə imkanlarını formalaşdırmaq və regiondakı hərbi-strateji balansın Azərbaycan üçün əlverişli səviyyədə saxlanılmasını təmin etməkdir.
Naxçıvanın coğrafi mövqeyi bu məsələyə xüsusi həssaslıq qazandırır. Muxtar Respublikanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsinin olmaması onun müdafiəsinin təşkilində fərqli yanaşmanı zəruri edir. Ölkə başçısı müsaibəsində bu məsələyə xüsusi diqqət ayırdı: “Bildiyiniz kimi, Naxçıvanda mənim sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir”.
Bu baxımdan, Naxçıvanın hərbi potensialının gücləndirilməsi Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının lokal deyil, ümummilli xarakter daşıyan istiqamətidir. Prezidentin sərəncamı ilə Əlahiddə Ordunun yaradılması da məhz bu spesifikliyə uyğun institusional qərardır. Əlahiddə Ordunun Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsi olması Naxçıvanın müdafiəsinin ölkənin ümumi hərbi strategiyasından kənarda deyil, əksinə, həmin strategiyanın xüsusi elementlərindən biri kimi formalaşdırıldığını göstərir.
Son dövrdə Naxçıvanda ən müasir hərbi texnikanın yerləşdirilməsi və komando qüvvələrinin yaradılması Azərbaycanın Silahlı Qüvvələrinin struktur və döyüş qabiliyyətində baş verən daha geniş transformasiyanın regional müstəvidəki əksidir. Komando birliklərinin əsas üstünlüyü onların yüksək hazırlıq səviyyəsi, mürəkkəb relyef və müxtəlif döyüş şəraitində fəaliyyət göstərə bilməsi, sürətli və çevik əməliyyat imkanlarına malik olmasıdır. Naxçıvanın dağlıq coğrafiyası nəzərə alındıqda, bu tip qüvvələrin burada formalaşdırılması təsadüfi seçim deyil. Belə birliklərin mövcudluğu həm müdafiə imkanlarını genişləndirir, həm də mümkün təhlükələr qarşısında çevik cavab mexanizmlərini gücləndirir. Bu baxımdan, Naxçıvanda həyata keçirilən hərbi modernləşmə Azərbaycanın son illərdə keçdiyi “say üstünlüyündən keyfiyyət və texnoloji üstünlüyə” keçid prosesinin mühüm istiqamətlərindən biridir.
Naxçıvanın hərbi potensialının gücləndirilməsini regional geosiyasi reallıqlardan ayrıca nəzərdən keçirmək mümkün deyil. Muxtar Respublika Türkiyə və İranla həmsərhəddir və Cənubi Qafqazın mürəkkəb təhlükəsizlik arxitekturasının daxilində yerləşir. Bu coğrafi mövqe Naxçıvanı həm Azərbaycanın müdafiə sisteminin mühüm bir elementidir, həm də regionun kommunikasiya, nəqliyyat və geosiyasi prosesləri baxımından əhəmiyyətli məkanlardan birinə çevirir. Xüsusilə Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantılarının inkişaf etdirilməsi gündəminin aktuallığını qoruduğu bir mərhələdə muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi məsələsi daha geniş strateji əhəmiyyət qazanır. Buna görə də Naxçıvanda hərbi imkanların artırılması həm ərazi bütövlüyünün və milli təhlükəsizliyin qorunması, həm də Azərbaycanın regiondakı strateji mövqelərinin möhkəmləndirilməsi kontekstində qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri də bu siyasətin əsas məntiqini ifadə edir. Burada söhbət yalnız hərbi gücün nümayişindən getmir. Müasir beynəlxalq münasibətlər sistemində müdafiə qabiliyyətinin yüksək olması dövlətin siyasi qərarvermə imkanlarını, çəkindirmə potensialını və milli maraqlarını qorumaq qabiliyyətini birbaşa şərtləndirən amillərdən biridir. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra öz hərbi strategiyasını yeni reallıqlara uyğunlaşdıraraq ordunun strukturunu, silahlanmasını və hazırlıq səviyyəsini yeniləyir. Naxçıvanda görülən işlər bu prosesin ayrılmaz hissəsidir və göstərir ki, ölkənin hərbi modernləşmə siyasəti yalnız əsas ərazi ilə məhdudlaşmır, strateji baxımdan həssas bütün istiqamətləri əhatə edir.
Naxçıvanın müdafiə potensialının bundan sonra da gücləndiriləcəyinə dair Prezidentin açıqlaması təsadüfi mesaj kimi qiymətləndirilməməlidir. Bu, Azərbaycanın uzunmüddətli təhlükəsizlik strategiyasında hərbi hazırlığın davamlı xarakter daşıdığını göstərir. Əlahiddə Ordunun müasir texnika ilə təchizatı, komando qüvvələrinin genişləndirilməsi və ümumilikdə Naxçıvanın müdafiə imkanlarının artırılması regionda çəkindirmə mexanizminin möhkəmləndirilməsinə xidmət edir. Nəticə etibarilə, Naxçıvanda aparılan hərbi quruculuq yalnız muxtar respublikanın təhlükəsizliyi məsələsi deyil; bu proses Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və regional strateji mövqeyinin qorunmasına yönəlmiş daha geniş dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Tacir SADIQOV
XQ