Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə ölkənin qarşıdakı inkişaf perspektivlərinin və yeni regional reallıqların dəyərləndirilməsi baxımından mühüm siyasi hadisədir. Naxçıvandan səsləndirilən fikirlər göstərir ki, bu qədim diyarın inkişafı artıq yalnız regional səviyyədə nəzərdən keçirilən məsələ deyil. Naxçıvan Azərbaycanın iqtisadi, enerji, nəqliyyat və geosiyasi strategiyasının mühüm dayaqlarından birinə çevrilir. Prezidentin müsahibəsində səsləndirdiyi konkret rəqəmlər, həyata keçirilən və planlaşdırılan layihələr isə bu strateji yanaşmanın real məzmununu ortaya qoyur.
Dövlət başçısının Naxçıvana 17-ci səfəri bu diyarın Azərbaycanın dövlət siyasətində xüsusi yer tutduğunu bir daha göstərir. Son illərdə Naxçıvanda təhlükəsizlikdən infrastruktura, enerjidən sənayeyə, kənd təsərrüfatından turizmə qədər çoxsaylı istiqamətlər üzrə genişmiqyaslı işlər görülüb. Lakin hazırkı mərhələnin əsas fərqi ondan ibarətdir ki, qarşıya qoyulan məqsədlər Naxçıvanın mövcud imkanlarını qorumaqla kifayətlənmir, onun yeni regional iqtisadi və nəqliyyat sistemində aparıcı mövqeyə çıxarılmasını nəzərdə tutur.
Naxçıvanın strateji yüksəlişinin təməlində ilk növbədə təhlükəsizlik dayanır. Azərbaycanın əsas hissəsindən ayrı yerləşən bu ərazinin müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması dövlət üçün həmişə xüsusi əhəmiyyət daşıyıb. Əlahiddə Ordunun yaradılması, onun müasir silah və texnika ilə təchiz edilməsi, komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiə imkanlarının gücləndirilməsinə xidmət edib. Bu gün Naxçıvanın təhlükəsizliyi həm muxtar respublikanın. həm də Azərbaycanın ümumi milli təhlükəsizlik sisteminin mühüm istiqamətlərindən biridir.
Prezidentin müsahibəsində təhlükəsizlik məsələsinin iqtisadi inkişafla paralel təqdim olunması təsadüfi deyil. Güclü müdafiə potensialı sabitliyin, sabitlik isə investisiya və iqtisadi inkişafın əsas şərtidir. Naxçıvanda həyata keçirilən iri layihələrin davamlılığı üçün ilk növbədə təhlükəsiz mühitin təmin edilməsi vacibdir.
Naxçıvanın gələcək inkişafında enerji xüsusi yer tutur. Prezident İlham Əliyev müsahibəsində hazırda təxminən 200 meqavat generasiya gücünə malik olan Naxçıvanda 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının inşa ediləcəyini bildirdi. Bu layihə Naxçıvanın enerji imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, regionun gələcək sənaye inkişafı üçün də mühüm baza yaradacaq. Burada əsas məsələ yalnız enerji çatışmazlığının aradan qaldırılması deyil. Naxçıvan artıq enerji təminatında yeni mərhələyə keçir. Məqsəd kifayət qədər enerji istehsal etmək, gələcəkdə yaranacaq tələbatı qarşılamaq və imkan yarandıqca elektrik enerjisinin ixracına şərait yaratmaqdır. Bu, Naxçıvanın iqtisadi potensialının tamamilə yeni müstəvidə qiymətləndirildiyini göstərir. Bərpaolunan enerji sahəsində də Naxçıvan üçün böyük perspektivlər mövcuddur. Günəşli günlərin çoxluğu və əlverişli coğrafi şərait Naxçıvanı Günəş enerjisi istehsalı baxımından Azərbaycanın ən perspektivli bölgələrindən birinə çevirir. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yeni Günəş elektrik stansiyalarının yaradılması nəzərdə tutulur. 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının layihələri, həmçinin Ordubad rayonunun Tivi kəndində su elektrik stansiyası ilə bağlı planlar Naxçıvanın enerji sisteminin şaxələndirilməsinə xidmət edir. Gələcəkdə Naxçıvanda Günəş enerjisi istehsalının ən azı 500 meqavata, potensial olaraq isə 1000 meqavata qədər artırılması imkanının olması regionun enerji xəritəsindəki mövqeyini daha da gücləndirir. Belə bir potensial Naxçıvanı həm enerji istehlakçısı, həm də enerji istehsalçısı və ixracatçısı kimi təqdim etməyə imkan verir. Türkiyə və İran istiqamətləri ilə yanaşı, uzunmüddətli perspektivdə Avropa bazarlarına çıxış imkanlarının nəzərdən keçirilməsi də bu strategiyanın genişliyini göstərir.
Enerji təhlükəsizliyinin digər mühüm komponenti qaz təminatıdır. Naxçıvanın qazlaşma səviyyəsinin 100 faizə çatdırılması əhalinin sosial rifahı və iqtisadi fəaliyyət üçün mühüm nəticədir. İranla həyata keçirilən qaz mübadiləsi mexanizmi də Naxçıvanın enerji təminatında xüsusi rol oynayıb. Lakin Naxçıvanın qarşısında duran ən böyük strateji imkan nəqliyyat və kommunikasiya layihələri ilə bağlıdır. Zəngəzur bağlantısının reallaşması Naxçıvanın iqtisadi və geosiyasi mövqeyində əsaslı dəyişiklik yarada bilər. Prezident İlham Əliyev müsahibəsində bu layihənin Azərbaycan üçün çoxdan müəyyən edilmiş strateji hədəf olduğunu bir daha vurğuladı.
2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşlərdən sonra Zəngəzur bağlantısının praktiki icrası üçün yeni mərhələ yaranıb. TRIPP layihəsi bu baxımdan mühüm dönüş nöqtəsidir. Azərbaycan artıq yalnız siyasi təşəbbüs irəli sürən tərəf deyil, layihənin həyata keçirilməsi üçün öz ərazisində konkret infrastruktur yaradan dövlətdir. Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin yekun mərhələyə çatması və dəmir yolu layihəsinin sürətlə davam etdirilməsi Azərbaycanın öz ərazisindəki hazırlığını nümayiş etdirir. Naxçıvan istiqamətində isə dəmir yolunun bərpası və müasir tələblərə uyğun yenidən qurulması planlaşdırılır. Bu layihənin miqyasını ən aydın göstərən göstəricilərdən biri də dəmir yolunun gələcək yükaşırma qabiliyyətidir. Hazırda 1,5 milyon ton olan göstəricinin ən azı 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bu, Naxçıvanın gələcəkdə böyük logistika mərkəzinə çevrilməsinin konkret iqtisadi göstəricisidir.
Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolunun uzunluğu 194 kilometr olacaq. Yolun daha yüksək yükdaşıma qabiliyyətinə uyğun layihələndirilməsi göstərir ki, qarşıya qoyulan məqsəd sadəcə mövcud nəqliyyat problemini həll etməklə yanaşı gələcək onilliklər üçün regional ticarət və logistika sisteminə xidmət edəcək müasir nəqliyyat infrastrukturu yaratmaqdır. Bu prosesdə beynəlxalq əməkdaşlıq imkanları da genişdir. Avropa İttifaqının nümayəndələrinin layihəyə maraq göstərməsi Naxçıvan bağlantısının artıq daha geniş beynəlxalq nəqliyyat gündəliyinin tərkibinə daxil olduğunu göstərir. Bununla belə, Azərbaycanın strateji infrastruktur üzərində nəzarəti qorumaq niyyəti dövlətin iqtisadi suverenlik siyasətinin mühüm göstəricisidir. Naxçıvanın nəqliyyat imkanlarının ən böyük üstünlüyü onun bir neçə istiqamətin qovuşduğu coğrafiyada yerləşməsidir. Zəngəzur bağlantısı Naxçıvanı Şərq–Qərb nəqliyyat dəhlizinə daha sıx bağlaya bilər. Eyni zamanda Culfa vasitəsilə İran istiqamətində mövcud və perspektiv əlaqələr Naxçıvanın Şimal–Cənub nəqliyyat sisteminə də inteqrasiyasına imkan yaradır.
Beləliklə, Naxçıvanın coğrafi mövqeyi uzun müddət onun üçün müəyyən məhdudiyyətlər yaradıbsa, yeni layihələr həmin coğrafiyanı üstünlüyə çevirə bilər. Naxçıvan gələcəkdə Azərbaycan, Türkiyə, İran, Avropa və daha geniş Avrasiya məkanı arasında mühüm tranzit qovşaqlarından birinə çevrilə bilər. Bu baxımdan Prezident İlham Əliyevin “bu layihənin mərkəzində Naxçıvan dayanır” fikri xüsusi əhəmiyyət daşıyır. Çünki burada Naxçıvan müxtəlif nəqliyyat və enerji xətlərinin birləşdiyi mərkəz kimi nəzərdən keçirilir. Dəmir yolu, avtomobil yolu, elektrik xətləri və fiber-optik kommunikasiya sistemləri birlikdə Naxçıvanın iqtisadi rolunu dəyişdirə bilər. Nəqliyyat infrastrukturunun inkişafı sənaye üçün də yeni imkanlar yaradır. Naxçıvan Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra Azərbaycanın ikinci böyük sənaye parkının Naxçıvanda yaradılması regionun sənaye potensialına verilən qiymətin göstəricisidir.
Sənaye müəssisələrinin yaradılması yeni iş yerlərinin açılması, yerli istehsalın genişləndirilməsi və regionun iqtisadi fəallığının yüksəldilməsi baxımından mühüm nəticələr verə bilər. Enerji layihələri ilə sənaye parkının paralel inkişaf etdirilməsi isə vahid iqtisadi modelin formalaşdırıldığını göstərir. Naxçıvanın kənd təsərrüfatı potensialının inkişafı da bu modelin mühüm hissəsidir. Suvarma sistemlərinin yenilənməsi, artezian quyularının qazılması və əvvəllər suvarılmayan torpaqların istifadəyə verilməsi aqrar istehsalın artırılmasına şərait yarada bilər. Müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi regionun kənd təsərrüfatında yeni mərhələnin başlanmasına imkan verir. Bununla yanaşı, sosial infrastrukturun inkişafı da diqqət mərkəzində saxlanılır. DOST Mərkəzinin fəaliyyəti, ASAN xidmət sistemi, yeni uşaq bağçalarının tikilməsi və təmiri, elektrik avtobuslarının istifadəyə verilməsi və rayonlararası nəqliyyat üçün 217 müasir avtobusun alınmasının planlaşdırılması əhalinin gündəlik həyatına birbaşa təsir edən layihələrdir. Təxminən 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri isə 26 yaşayış məntəqəsində təxminən 160 min insanın həyatına təsir göstərəcək.
Turizm sahəsi də Naxçıvanın gələcək iqtisadi imkanlarının mühüm istiqamətlərindən biridir. Qədim tarix, zəngin mədəni irs, Əlincəqala, Möminə xatun məqbərəsi, təbii landşaft və mineral sular Naxçıvanı turizm baxımından xüsusi məkana çevirir. Yeni beşulduzlu mehmanxananın tikintisinə başlanılması isə turizm infrastrukturunun gücləndirilməsi baxımından mühüm addımdır. Mədəni irsin qorunması Naxçıvanın inkişaf strategiyasında iqtisadi layihələrlə yanaşı dayanır. Möminə xatun məqbərəsinin bərpası və tarixi abidələrin qorunması göstərir ki, modernləşmə milli-mədəni irsdən ayrı təsəvvür edilmir. Naxçıvanın inkişafının mənəvi-siyasi əsaslarından biri də Heydər Əliyev irsidir. Ulu Öndərin Naxçıvandakı fəaliyyəti Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm mərhələlərindən biridir. Naxçıvanda milli dövlətçilik ideyalarının qorunması, dövlətçilik institutlarının möhkəmləndirilməsi və müstəqillik düşüncəsinin inkişaf etdirilməsi sonrakı Azərbaycan dövlətçiliyinin formalaşmasında xüsusi rol oynayıb.
Bu gün həmin tarixi irs yeni inkişaf strategiyası ilə tamamlanır. Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanır. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ölkənin müxtəlif strateji regionlarının vahid iqtisadi və infrastruktur məkanında birləşdirilməsini nəzərdə tutur. Zəngilanla Ordubad arasında təxminən 42 kilometrlik məsafə bu baxımdan mühüm coğrafi üstünlükdür. Yeni yolların və dəmir yollarının inşası həmin yaxınlığı iqtisadi əlaqəyə çevirməyə imkan verə bilər. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan arasında əlaqələrin genişləndirilməsi Azərbaycanın daxili iqtisadi inteqrasiyasını da gücləndirəcək. Yaşıl enerji bu üç regionun inkişafında ortaq istiqamətlərdən biridir. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir, Naxçıvanın da bu istiqamətdə böyük potensialı var. Ən azı 100 meqavat gücündə batareya enerji saxlanc qurğusunun yaradılması bərpaolunan enerji mənbələrinin daha səmərəli istifadəsinə imkan verəcək.
İdarəetmənin təkmilləşdirilməsi də yeni inkişaf modelinin mühüm elementidir. Prezidentin xüsusi nümayəndəliyi institutunun Naxçıvanda tətbiqi idarəetmədə koordinasiyanın gücləndirilməsinə və layihələrin daha çevik həyata keçirilməsinə imkan yaradır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının muxtar statusu qorunur. Burada məqsəd idarəetməni müasir çağırışlara uyğunlaşdırmaqdır. Beləliklə, Prezident İlham Əliyevin 11 avqust tarixli müsahibəsi Naxçıvanın gələcəyi ilə bağlı geniş strateji mənzərə yaradır. Bu mənzərədə təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, sosial infrastruktur və mədəni irs vahid inkişaf modelinin elementləridir. Ən mühüm dəyişiklik isə Naxçıvanın coğrafi mövqeyinin yeni məna qazanmasıdır. Uzun illər Azərbaycanın əsas hissəsindən ayrı yerləşməsi ciddi iqtisadi və nəqliyyat çətinlikləri yaradan amil kimi qiymətləndirilib. İndi isə eyni coğrafi mövqe yeni kommunikasiya layihələri sayəsində üstünlüyə çevrilə bilər.
Zəngəzur bağlantısının reallaşması Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməklə yanaşı, Türkiyə və Avropa istiqamətində yeni imkanlar yaradacaq. İran vasitəsilə Fars körfəzinə çıxış isə Naxçıvanın Cənub istiqamətində iqtisadi əlaqələrini genişləndirə bilər. Beləliklə, Naxçıvan Şərq–Qərb və Şimal–Cənub marşrutlarının kəsişdiyi strateji məkanlardan birinə çevrilə bilər. Bütün bu layihələrin bir-birini qarşılıqlı şəkildə tamamlanması xüsusi əhəmiyyət daşıyır. Enerji sənayeni, sənaye logistikanı, logistika ticarəti, ticarət isə investisiyanı stimullaşdırır. Təhlükəsizlik bütün bu proseslərin təməlini təşkil edir. Sosial və şəhər infrastrukturu isə iqtisadi inkişafın əhalinin həyat səviyyəsinə çevrilməsini təmin edir. Bu baxımdan Naxçıvan Azərbaycanın yeni regional güc modelinin mühüm elementidir. Burada dövlətçilik irsi, milli kimlik, təhlükəsizlik, iqtisadi müstəqillik və regional inteqrasiya bir-biri ilə tamamlanır.
Prezident İlham Əliyevin Naxçıvandan verdiyi mesajların əsas mahiyyəti də məhz budur. Azərbaycan Naxçıvanı sadəcə qorunan strateji ərazi kimi deyil, gələcəkdə böyük iqtisadi, enerji və nəqliyyat potensialına malik regional mərkəz kimi görür. Bu baxışın reallaşması ilə Naxçıvan Azərbaycanın əsas hissəsi ilə daha sıx bağlanacaq, Türk dünyası ilə əlaqələrin möhkəmlənməsində daha böyük rol oynayacaq və Avrasiya nəqliyyat xəritəsində öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Naxçıvanın yeni inkişaf mərhələsi, əslində, Azərbaycanın yeni regional mərhələsinin bir hissəsidir. Bu mərhələnin əsas anlayışları artıq bağlantı, logistika, yaşıl enerji, sənayeləşmə, investisiya və inteqrasiyadır. Naxçıvanın strateji yüksəlişi məhz bu proseslərin qovuşduğu nöqtədə başlayır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yeni yollar yalnız məsafəni qısaltmayacaq, həm də yeni iqtisadi imkanlar yaradacaq. Yeni enerji layihələri yalnız elektrik istehsalını artırmayacaq, sənaye və ixrac imkanlarını genişləndirəcək. Yeni sənaye müəssisələri yalnız məhsul istehsal etməyəcək, məşğulluğu və iqtisadi fəallığı artıracaq. Yeni turizm obyektləri isə yalnız turist sayını artırmayacaq, Naxçıvanın mədəni və tarixi irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək. Bu səbəbdən 11 avqust müsahibəsi Naxçıvanın bugünkü vəziyyətindən daha çox onun sabahı haqqında mesajdır. Bu mesajın mərkəzində güclü, təhlükəsiz, enerjisi dayanıqlı, sənayeləşən, yolları qovuşan və regional əlaqələrin mühüm mərkəzinə çevrilən Naxçıvan dayanır.
Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Onun inkişafı Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm istiqamətidir. Qarşıdakı illərdə həyata keçiriləcək layihələr reallaşdıqca Naxçıvanın coğrafi mövqeyi böyük üstünlük kimi çıxış edəcək. Bu isə Naxçıvanın tarixində yeni səhifənin açılması deməkdir.
Naxçıvanın yeni mərhələsi Azərbaycanın gücünün, siyasi iradəsinin və gələcəyə hesablanmış strateji baxışının mühüm göstəricilərindən birinə çevrilir. Burada keçmişin dövlətçilik ənənələri gələcəyin modern inkişaf modeli ilə birləşir. Azərbaycanın Naxçıvana baxışı artıq yalnız bugünün ehtiyacları ilə məhdudlaşmır. Qarşıda daha böyük iqtisadi, nəqliyyat və enerji imkanları olan yeni Naxçıvan modeli formalaşır. Azərbaycanın regional güc xəritəsində Naxçıvanın strateji çəkisi artır və bu qədim diyar qarşıdakı illərdə ölkənin yeni iqtisadi və geosiyasi imkanlarının mühüm qovşaqlarından birinə çevrilmək yolunda irəliləyir.
Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının məsləhətçisi