Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Albaniyanın paytaxtı Tiranada nəşr edilən populyar “Alplar qəzeti” (“Gazeta e Alpeve) 16 – 30 iyun tarixli son sayında “Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və tarixən də belə olub” adlı geniş məqalə dərc edib.
Bu barədə qəzetimizə həmin ölkədəki dostlarına istinadla məlumat verən tədqiqatçı-türkoloq Əli Şamil bildirdi ki, məqalənin müəllifi Entela Muço Albaniyanın tanınmış tarixçisi, osmanlışünası və arxiv tədqiqatçısıdır. O, Osmanlı dövrü Balkan tarixi, Albaniya–Türkiyə və Albaniya–Azərbaycan tarixi-mədəni əlaqələri sahəsində araşdırmaları ilə də tanınır. Xanım Entelo uzun illərdən bəri Albaniya Dövlət Arxivində çalışır və Osmanlı türkcəsində yazılmış arxiv sənədlərinin öyrənilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərir.
Entela Muçonun “Alp Konvensiyası” təşkilatının nəşri kimi fəaliyyət göstərən "Alplar qəzeti" dərc edilən yazıda Albaniya ictimaiyyətinə Naxçıvanın tarixi, siyasi-hüquqi statusu və Azərbaycan dövlətçiliyində tutduğu yer haqqında ətraflı məlumat təqdim edilir. Məqalədə Naxçıvanın tarixən Azərbaycan torpağı olduğunu tarixi faktlar, arxiv sənədləri və beynəlxalq hüquqi sənədlər əsasında izah edilirir və qeyd olunur ki, Naxçıvan qədim Azərbaycan torpağıdır və müxtəlif tarixi dövrlərdə burada Azərbaycan dövlətləri hökmranlıq edib.
Məqalədə XIX əsrdə Rusiya imperiyasının Cənubi Qafqazı işğal etməsi, ermənilərin bölgəyə köçürülməsi, eləcə də XX əsrin əvvəllərində Naxçıvan ətrafında yaranmış mürəkkəb siyasi vəziyyətə toxunulur. Müəllif vurğulayır ki, 1921-ci il Moskva və Qars müqavilələri Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi statusunu beynəlxalq hüquq müstəvisində təsbit etmişdir.
Yazıda Ermənistanın müxtəlif dövrlərdə Naxçıvana qarşı ərazi iddialarının tarixi və hüquqi əsasının olmadığı qeyd edilir. Müəllif Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanındığını, Naxçıvanın isə bu bütövlüyün ayrılmaz hissəsi olduğunu diqqətə çatdırır. Yazıda Naxçıvanın geostrateji mövqeyi, Türkiyə ilə quru sərhədinin əhəmiyyəti və bölgənin Cənubi Qafqazın siyasi-coğrafi sistemində oynadığı mühüm rol da izah edilir.
Alban tədqiqatçısının araşdırmasının diqqətçəkən cəhətlərindən biri də Naxçıvanın demoqrafik inkişafını əks etdirən statistik cədvəlin təqdim olunmasıdır. Bu cədvəldə XIX əsrdən başlayaraq bölgədə azərbaycanlıların və digər etnik qrupların say dinamikası müqayisəli şəkildə göstərilir. Bundan başqa, məqalədə Naxçıvanın yerləşdiyi coğrafi mövqeyi göstərən xəritə də dərc olunaraq yazının dəyəri artırılıb. Ümumilikdə, bu bir səhifəlik məqalə Albaniya oxucularına Naxçıvanın tarixi keçmişi, hüquqi statusu və Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə faktlara əsaslanan ümumiləşdirilmiş məlumatlar yer alır.
Xatırladaq ki, Entela Muço 1968-ci il martın 27-də Tiranada anadan olub. 1986–1990-cı illərdə Tirana Universitetinin tarix fakültəsində ali təhsil alıb. Sonrakı illərdə Türkiyə hökumətinin və Albaniya Təhsil Nazirliyinin proqramları çərçivəsində İstanbul Universitetində osmanlı dili və tarixi üzrə ixtisaslaşıb. Tədqiqatçı 2011-ci ildən Albaniya–Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədridir. Bu vəzifədə o, iki ölkə arasında elmi, mədəni və humanitar əməkdaşlığın inkişafına, Azərbaycanın tarixinin və mədəniyyətinin Albaniyada tanıdılmasına mühüm töhfələr verir. Onun təşəbbüsü ilə çoxsaylı konfranslar, kitab təqdimatları, elmi məruzələr və mədəni tədbirlər təşkil olunmuşdur.
Entela Muço Azərbaycan mövzusunda çoxsaylı elmi məqalələrin, o cümlədən Qarabağ, Şuşa, Naxçıvan və Azərbaycan dövlətçilik tarixinə dair araşdırmaların və 2023-cü ildə Albaniyada ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə nəşr edilən “Heydər Əliyevin həyatı, fəaliyyəti və düşüncələri” kitabının müəllifidir.
Entela Muço Azərbaycan alimləri ilə sıx əməkdaşlıq edir, AMEA-nın elmi tədbirlərində və beynəlxalq simpoziumlarda müntəzəm iştirak edir. Onun fəaliyyəti Albaniya ilə Azərbaycan arasında elmi və mədəni körpülərin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.
Namiq QƏDİMOĞLU
XQ