Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan son illərdə yalnız siyasi və hərbi deyil, eyni zamanda, enerji təhlükəsizliyi və regional enerji inteqrasiyası sahəsində də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi və bunun fonunda Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılması bu strategiyanın mühüm tərkib hissəsidir. Bu layihə sırf texniki infrastruktur təşəbbüsü olmaqdan daha çox, Azərbaycanın enerji suverenliyinin möhkəmləndirilməsi, regional geosiyasi çəkisinin artırılması və uzunmüddətli iqtisadi təhlükəsizliyinin təmin edilməsi baxımından fundamental əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
Deputat bildirib ki, uzun illər ərzində Naxçıvan elektrik enerjisi baxımından məhdud imkanlar və xarici asılılıq şəraitində olub. Bu vəziyyət isə həm muxtar respublikanın dayanıqlı inkişafına, həm də ümumilikdə ölkənin vahid enerji təhlükəsizliyinə ciddi risklər yaradıb. Prezident İlham Əliyevin tapşırığı ilə “AzərEnerji” ASC tərəfindən həyata keçirilən yeni layihə isə bu tarixi asılılığı aradan qaldırmağa yönəlib. Cəbrayıldan Ağbəndə qədər 74 kilometr, paralel olaraq Naxçıvandan Ordubadın sərhədinədək 105 kilometr uzunluğunda, ikidövrəli və 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətlərinin çəkilməsi, faktiki olaraq, Naxçıvanın enerji izolyasiyasına son qoyur.
Layihənin icra şəraitinin son dərəcə mürəkkəb olması onun strateji iradə və siyasi qətiyyətin göstəricisi olduğunu bir daha sübuta yetirir. Araz çayı boyunca, dağlıq və qayalı massivlərdən keçən, ağır iqlim və mürəkkəb relyef şəraitində inşa edilən bu xətlər Azərbaycan dövlətinin texniki potensialını və institusional imkanlarını nümayiş etdirir. Bu, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin təkcə bərpa deyil, regional kommunikasiya və enerji mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsidir.
“Zəngəzur dəhlizi üzərindən əlavə 44 kilometrlik ötürmə xəttinin inşası və Naxçıvan şəhərində yeni 330 kV-luq yarımstansiyanın tikilməsi layihənin davamlılığını təmin edən əsas mərhələlərdir. Bu addımlar Naxçıvanın ölkənin vahid enerji sisteminə tam inteqrasiyasını reallaşdırmaqla yanaşı, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkələrdən asılılığını da tam aradan qaldıracaq. Beləliklə, enerji təminatı artıq geosiyasi risklərin alətinə çevrilə bilməyəcək.
Layihənin ən mühüm və strateji aspektlərindən biri isə onun beynəlxalq ölçüsüdür. Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizi çərçivəsində Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə 400 kV-luq ötürmə xəttinin çəkilməsi və ölkə tarixində ilk dəfə olaraq 400 kV gərginlik sinfi üzrə çevirici yarımstansiyanın tikilməsi planlaşdırılır. Bu, Azərbaycanın enerji xəritəsində yeni bir mərhələnin başlanğıcı deməkdir.
Bu layihə Avropa enerji bazarlarına çıxış imkanlarının genişlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Qlobal enerji böhranı fonunda Avropanın alternativ və etibarlı enerji mənbələrinə ehtiyacının artdığı bir dövrdə Azərbaycanın enerji infrastrukturu və siyasi etibarlılığı xüsusi çəkiyə malikdir. Zəngəzur xətti bu etibarlılığı fiziki infrastrukturla möhkəmləndirən əsas dayaqlardan birinə çevrilir”,- deyə A.Kərimli vurğulayıb.
O əlavə edib ki, Naxçıvanın vahid enerji sisteminə inteqrasiyası və Zəngəzur xətti vasitəsilə Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizinin formalaşdırılması ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm komponentidir. Bu layihə enerji təhlükəsizliyi, regional əməkdaşlıq, geosiyasi balans və iqtisadi suverenlik baxımından Azərbaycan tarixinin ən iri və ən strateji enerji təşəbbüslərindən biri kimi qiymətləndirilə bilər.