Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
“Naxçıvanın inkişafı Azərbaycan dövlətinin uzunmüddətli strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsi nəticəsində bu gün Naxçıvanda genişmiqyaslı quruculuq işləri aparılır, sosial və iqtisadi infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar Naxçıvanın simasını dəyişir, onun dinamik inkişafına zəmin yaradır”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, bu günlərdə Prezident İlham Əliyevin Naxçıvana səfəri və orada bir sıra infrastruktur layihələrinin aşılışında iştirakı bu regionun sürətli inkişafının və dövlətin də Naxçıvana xüsusi diqqət ayırdığının bariz nümunəsidir:
“Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılması dövlətin, dövlət başçısının Naxçıvanın inkişafına nə dərəcədə diqqət ayırdığını göstərir. Ümumiyyətlə, Prezident İlham Əliyevin səfəri təkcə Naxçıvanın sosial-iqtisadi inkişafı baxımından deyil, bütövlükdə Azərbaycanın regional mövqeyi, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması və Şərqlə Qərb arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətlidir. Naxçıvanın coğrafi mövqeyi bu qədim diyarın nəqliyyat baxımından əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının əsas hissəsindən kənarda yerləşən Naxçıvanın ölkənin digər əraziləri ilə etibarlı və dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan avtomobil, dəmir yolu və hava nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi Naxçıvanın iqtisadi potensialının gücləndirilməsi ilə yanaşı, əhalinin rahat və təhlükəsiz hərəkət imkanlarının genişləndirilməsinə də xidmət edir”.
Arzuman Muradlı qeyd edib ki, 44 günlük müharibədə tarixi zəfərimizdən sonra yaranan yeni reallıqlar, Zəngəzur (TRIPP) layihəsinin reallaşması istiqamətində atılan addımlar, bu regionda nəqliyyat kommunikasiyalarının bərpası və yeni marşrutların yaradılması Naxçıvanın əhəmiyyətini bir qədər də artırır:
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının yaradılmasının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsi təkcə Naxçıvan deyil, ümumilikdə Cənubi Qafqazın iqtisadiyyatına müsbət təsir göstərəcək. Bir sözlə, Naxçıvanın yeni dirçəliş dövrü, yeni erası başlayır desək yanılmarıq. Çünki TRİPP layihəsi ilə əsas ticarət yolları, logistika xətləri buradan keçəcək. İndiyədək bu yollar Gürcüstan üzərindən keçirdi, indi böyük həcmlər Naxçıvana da yönələcək. İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşən Naxçıvanın 200 milyonluq bazara çıxışı, tarixən Yaxın Şərqə gedən yollar yenidən Naxçıvandan keçəcək”.
Süleyman