Naxçıvanın yeni inkişaf xəritəsində yol, enerji və sənaye hədəfləri

18.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu layihələrə Prezident sərəncamı ilə 258 milyon manat vəsait ayrılıb

Naxçıvanın qarşısında yeni inkişaf mərhələsinin qapıları açılır. Bu mərhələnin konturları bir-birini tamamlayan genişmiqyaslı tədbirlər sistemində görünür. Bir tərəfdən Zəngəzur dəhlizinin açılması istiqamətində intensiv iş aparılır, digər tərəfdən Naxçıvanın sənaye, enerji, nəqliyyat və sosial infrastrukturunun yenilənməsi üçün ardıcıl addımlar atılır. Qarşıya qoyulan məqsəd Naxçıvanı yeni regional reallıqlara hazırlamaq, onun iqtisadi potensialını hərəkətə gətirmək və muxtar respublikanı daha geniş nəqliyyat-iqtisadi sistemə inteqrasiya etməkdir.

Prezident İlham Əliyevin Naxçıvanla bağlı son addımları da bu strategiyanın miqyasını aydın göstərir. Dövlət başçısının imzaladığı Sərəncamla 2026–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, eləcə də abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə, ümumilikdə, 258 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu maliyyə dəstəyi Naxçıvanın qarşıdakı illərdə inkişaf gündəliyinin hansı istiqamətlər üzərində qurulduğunu göstərən mühüm göstəricidir.

Xüsusilə Naxçıvan Sənaye Parkının tam fəaliyyətə başlaması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Sənaye parkı ilə nəqliyyat kommunikasiyalarının genişlənməsinin eyni dövrə təsadüf etməsi yeni iqtisadi imkanlar yarada bilər. Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycanla birbaşa quru əlaqələrinin bərpası ilə yanaşı, onun beynəlxalq nəqliyyat marşrutları üzərindəki mövqeyini də gücləndirəcək. Beləliklə, Naxçıvan istehsal edilən məhsulların daşınması üçün daha geniş bazarlara çıxış imkanları əldə edə bilər.

Azərbaycanın ümumi nəqliyyat göstəriciləri də bu potensialın hansı iqtisadi mühitdə reallaşacağını göstərir. 2026-cı ilin ilk yarısında ölkənin nəqliyyat dəhlizlərində dəmir yolu ilə 7 milyon 587,6 min ton, dəniz nəqliyyatı ilə 3 milyon 365,2 min ton, avtomobil nəqliyyatı ilə isə 5 milyon 699 min ton yük daşınıb. Yanvar-iyun aylarında Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcmi 9 milyon 207,4 min tona çatıb. Bunun 4 milyon 595 min tonu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin payına düşüb. Şimal-Cənub dəhlizi ilə 4 milyon 559,3 min ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon 623,3 min ton, Cənub–Qərb dəhlizi ilə isə 261,8 min ton yük daşınıb.

Daha diqqətçəkən məqam isə tranzitin yükdaşımalar içərisindəki yüksək payıdır. İlk 6 ayda dəmir yolu ilə daşınan yüklərin 46,6 faizini, avtomobil nəqliyyatı ilə daşınan yüklərin isə 46,5 faizini tranzit yüklər təşkil edib. Bu göstəricilər Azərbaycanın nəqliyyat infrastrukturunun artıq daxili daşımaların təminatından daha geniş funksiyaya malik olduğunu göstərir. Naxçıvanın da bu sistemə qoşulması muxtar respublikanın tranzit imkanlarını yeni səviyyəyə yüksəldə bilər.

Naxçıvanın enerji potensialı bu zəncirin başqa bir mühüm halqasıdır. Muxtar respublikanın günəş enerjisi baxımından əlverişli coğrafi mövqeyi bərpaolunan enerji istehsalının genişləndirilməsi üçün ciddi imkanlar yaradır. Bu siyasətin praktiki nəticələrindən biri Naxçıvanda yeni Günəş elektrik stansiyalarının inşa edilməsidir. Prezident İlham Əliyev səfəri zamanı Naxçıvan şəhərində inşa olunan, ümumi gücü 50 meqavat təşkil edən “Şəms-1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub. Hazırda Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə ümumi qoyuluş gücü 2070 meqavat təşkil edir. Bunun 108 meqavatı, yaxud 5,2 faizi Naxçıvanın payına düşür. “Şəms-1” və “Qərbi Üfüq” stansiyalarının istifadəyə verilməsi ilə muxtar respublikada bərpaolunan enerji üzrə qoyuluş gücünün 158 meqavata çatacağı gözlənilir.

Bu yanaşma Naxçıvanın gələcəyinə daha geniş baxışın göstəricisidir. Çünki regionun inkişafı iqtisadi rəqəmlərlə ölçülməklə tamamlanmır. Tarixi abidələrin qorunması, şəhərlərin abadlaşdırılması, təhsil infrastrukturunun yenilənməsi, müasir nəqliyyat imkanlarının yaradılması və enerji sisteminin gücləndirilməsi eyni inkişaf fəlsəfəsinin müxtəlif istiqamətləridir.

Zahid MƏMMƏDOV,
İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor

258 milyon manatlıq paketin ən böyük istiqamətlərindən biri enerji sektorudur. Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün “Azərenerji” ASC-yə 66 milyon manat ayrılır.

Bu vəsaitin iqtisadi əhəmiyyəti ayrılan məbləğdən daha genişdir. Enerji təminatının dayanıqlığının yüksəldilməsi Naxçıvanda sənaye, kənd təsərrüfatı, xidmət sektoru və yeni investisiya layihələrinin inkişafı üçün fundamental şərtdir.

Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi də bu siyasətin mühüm tərkib hissəsidir. Sərəncamda qeyd olunur ki, muxtar respublikada “Şəms 1” və “Üfüq” günəş elektrik stansiyalarının, həmçinin “Ordubad” və “Tivi” su elektrik stansiyalarının inşası davam etdirilir.

Deməli, enerji siyasətinin istiqaməti yalnız daxili tələbatın ödənilməsi deyil. Qarşıdakı mərhələdə Naxçıvanın bərpa olunan enerji istehsalçısı və potensial enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsi də mühüm perspektiv yaradır.

Paketin digər mühüm istiqaməti yol infrastrukturudur. Ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometr uzunluğunda avtomobil yollarının əsaslı təmiri üçün 70 milyon manat ayrılır. Söhbət iki kəndlərarası, beş şəhər və on kənd ərazisindəki yolların yenilənməsindən gedir.

İqtisadi inkişafın yalnız fiziki infrastrukturla ölçülmədiyi artıq qlobal iqtisadi siyasətin əsas prinsiplərindən biridir. Bu baxımdan Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisinə 25 milyon manat ayrılması xüsusi diqqət çəkir.

Bununla yanaşı, məktəbəqədər təhsil də yeni maliyyə paketində ayrıca yer tutur. Beş yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə 20 milyon manat ayrılması nəzərdə tutulur. Yeni müəssisələr Bulqan, Dəstə, Şərur, Əbrəqunus və Qarabağlar yaşayış məntəqələrində, ümumilikdə, 640 yer yaradacaq.

Bu, dövlət investisiyasının yalnız bugünkü ehtiyaclara deyil, gələcək nəsillərin inkişafına yönəldiyini göstərən mühüm göstəricidir.

Naxçıvanın inkişaf strategiyasında sosial rifah məsələsi də mühüm yer tutur. Yeni paket çərçivəsində Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində isə 70 yaşayış binasının fasad hissəsinin əsaslı təmiri üçün 15 milyon manat ayrılır.

Bundan başqa, Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün 9 milyon manat nəzərdə tutulub.

Xatırladım ki, Naxçıvanla bağlı dövlət siyasəti son illərdə ayrı-ayrı layihələrdən daha geniş, kompleks inkişaf xəttinə doğru irəliləyir. Prezident Sərəncamında “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, Naxçıvan Sənaye Parkının yaradılması, enerji, su, ictimai nəqliyyat və digər sahələr üzrə qəbul edilmiş qərarlar vahid inkişaf xəttinin tərkib hissəsi kimi göstərilir.

Naxçıvan üçün qarşıdakı mərhələnin əsas sualı da məhz budur: dövlət investisiyalarını necə davamlı iqtisadi artıma, yeni istehsala, yeni iş yerlərinə, ixraca və daha yüksək rifaha çevirmək? Bu baxımdan 258 milyon manatlıq paket Naxçıvanın inkişafında yeni investisiya dalğasının başlanğıcı kimi qiymətləndirilə bilər.

Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью