Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Özbəkistan Orta Dəhlizin imkanlarının genişləndirilməsi və yeni nəqliyyat güclərinin yaradılması istiqamətində investisiyaları artırmağa hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, regionda nəqliyyat dəhlizlərinin inkişafı əsas prioritetlərdəndir və bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır.
Nazirin sözlərinə görə, son illərdə Azərbaycan üzərindən daşınan yüklərin həcmi iki dəfə artıb. Bu il də artımın davam etdiyi və təxminən 30 faiz təşkil etdiyi bildirilib.
Kudratov qeyd edib ki, Özbəkistan Mərkəzi Asiyadan yüklərin daşınması üçün yeni imkanların yaradılması üzərində işləyir. Bu çərçivədə bərə imkanlarının genişləndirilməsi və Avropa-Azərbaycan boru kəməri layihəsi ilə bağlı məsələlər də müzakirə olunur.
“Özbəkistan Orta Dəhliz üçün daha çox imkanların yaradılmasına və investisiya yatırılmasına sadiqdir”, – deyə nazir bildirib.
O, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha geniş və güclü ticarət-iqtisadi əlaqələrin qurulmasının da diqqət mərkəzində olduğunu vurğulayıb.
Kudratovun sözlərinə görə, hazırda Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında ticarət dövriyyəsi 13 milyard dollar təşkil edir. Ölkələr 2030-cu ilədək regiondaxili qarşılıqlı ticarətin həcmini 20 milyard dollara çatdırmağı hədəfləyirlər.
Nazir bildirib ki, əməkdaşlıq yalnız ticarətlə məhdudlaşmır. Sənaye tərəfdaşlığı və birgə investisiya layihələri də həyata keçirilir.
O qeyd edib ki, Özbəkistan Azərbaycanda tekstil, avtomobil sənayesi və digər sahələrə investisiya yatırır. Azərbaycan isə Özbəkistanda mədənçilik, daşınmaz əmlak, enerji və digər sektorlarda investisiya layihələrində iştirak edir.
Kudratovun sözlərinə görə, bu əməkdaşlıq ortaq bazarın və vahid iqtisadi-biznes məkanının formalaşdırılması istiqamətində birgə fəaliyyətin göstəricisidir.
“İnteqrasiya olunmuş, siyasətləri uzlaşdırılmış region nə qədər böyük olarsa, investisiya cəlbediciliyimiz də bir o qədər yüksək olar”, – deyə nazir bildirib.
O, enerji təhlükəsizliyinin də Özbəkistan üçün mühüm məsələ olduğunu deyib. Bildirib ki, ölkə elektrik enerjisi mənbələrinin şaxələndirilməsi istiqamətində investisiyalar cəlb edir və bərpa olunan enerjinin elektrik istehsalında payı artıq təxminən 30 faizə çatıb.
Onun sözlərinə görə, Özbəkistan və Mərkəzi Asiya ümumilikdə günəş və külək enerjisinin daha aşağı qiymətlərlə istehsalı üçün böyük potensiala malikdir.
Nazir Azərbaycanla birlikdə Mərkəzi Asiyadan Avropaya yaşıl enerjinin çatdırılması imkanlarının da müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətdə təxminən 10 milyard dollarlıq texnologiya və enerji layihəsi nəzərdən keçirilir:
“Özbəkistan Azərbaycan və digər Mərkəzi Asiya ölkələri ilə birlikdə regionda uzunmüddətli və dayanıqlı iqtisadi artımın təmin olunmasına, enerji və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə çalışır”.
Zeynəb Rzayeva