Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov oktyabrın 27-də İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə nazir Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini dərin hörmət və ehtiramla anıb.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, təsərrüfatların qurulmasına və genişlənməsinə dəstək, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, aqrar sığorta və digər məsələlərlə bağlı olub.
Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla görüş zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verilib. Dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyi vurğulanıb.