Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Orta Dəhliz Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinə və yeni nəqliyyat və enerji layihələrinin reallaşmasına imkan yarada bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “The Middle Corridor: Unlocking Trade, Industrial and Connectivity Potential” panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Transxəzər İpək Dəhlizi Mərkəzi Asiya ilə Azərbaycan arasında bağlantının gücləndirilməsində mühüm rol oynayır. Bu marşrut Qazaxıstandan potensial tranzitin, eləcə də Türkmənistanın enerji resurslarının daşınması üçün yeni imkanlar yarada bilər.
Orxan Zeynalov bildirib ki, Azərbaycanın digər regional təşəbbüsləri də bir-biri ilə rəqabət aparmır, əksinə, bir-birini tamamlayır. Bu baxımdan Mərkəzi Asiya, Azərbaycan, Qara dəniz və Avropa arasında əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Nazir müavini enerji sahəsində Mərkəzi Asiya ilə Azərbaycan arasındakı vaxt fərqinin də üstünlük yaratdığını deyib. Onun sözlərinə görə, bu amil fasiləli bərpa olunan enerji mənbələrindən istifadə baxımından əhəmiyyətlidir.
O, COVID-19 pandemiyası və son böhranların Orta Dəhlizin əhəmiyyətini daha da artırdığını bildirib. Qeyd edib ki, Azərbaycan ənənəvi enerjiyə investisiyaları davam etdirməklə yanaşı, enerji təhlükəsizliyini qoruyaraq yaşıl dəhlizlərin inkişafına da sərmayə qoyur:
“Qarşıdakı altı il ərzində 8 GVt həcmində bərpa olunan enerji gücünün yaradılması planlaşdırılır”.
Zeynəb Rzayeva